...

Əlcəzair Azərbaycan ilə tələbə mübadiləsinə başlamağı planlaşdırır - dini işlər naziri

Siyasət Materials 28 Aprel 2010 11:27 (UTC +04:00)
Əlcəzairin Dini İşlər Nazirliyi Azərbaycanla tələbə mübadiləsi üzrə saziş hazırlamaq niyyətindədir - nazir Buabdulla Qulamallah deyib.
Əlcəzair Azərbaycan ilə tələbə mübadiləsinə başlamağı planlaşdırır - dini işlər naziri

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir Ü.Sadıxova/

Əlcəzairin Dini İşlər Nazirliyi Azərbaycanla tələbə mübadiləsi üzrə saziş hazırlamaq niyyətindədir, - nazir Buabdulla Qulamallah deyib.

"Biz tələbə və elm xadimləri mübadiləsi sahəsində sazişin müzakirəsi üçün Allahşükür Paşazadəni (Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri) və bəzi universitetlərin nümayəndələrini dəvət etməyi planlaşdırırıq", - Trend-ə Bakıda keçirilən dini liderlərin ikigünlük sammitində öz ölkəsini təmsil edən Əlcəzairin dini işlər naziri bildirib.

Dini liderlərin Ümumdünya sammiti aprelin 26-27-də Bakıda keçirilib. Sammitdə dünyanın 33 ölkəsindən müxtəlif konfessiyaların 250-dən çox nümayəndəsi iştirak edib. Sammitin yekunları üzrə sənəd qəbul olunub. Sənəddə iştirakçılar ənənəvi dini icmaları ekstremizm ideyalarına və terrorizmə qarşı çıxmağa çağırıb.

Qulamallahın sözlərinə görə, Azərbaycanla Əlcəzair arasında əməkdaşlığın müxtəlif sahələri mövcuddur və bunların sırasında elm sahəsi də ola bilər. Məsələn, Əlcəzair islam hüququ və dini elmləri öyrənmək istəyən azərbaycanlı tələbələri öz ali məktəblərinə qəbul edə bilər.

"Yaxın vaxtlarda həyata keçirilməsi nəzərdə tutulan tələbə elmi mübadiləsi ölkələrin tanışlığına yaxşı töhfə olacaq", - o belə hesab edir.

Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində dini dialoqun roluna toxunan əlcəzairli nazir deyib ki, bunun faydası o halda ola bilər ki, "Ermənistan kilsəsi ilə Azərbaycanın dini idarəsi arasında saziş imzalansın. Lakin Ermənistan kilsəsi Dağlıq Qarabağın Ermənistan ərazisi olmasını bildirməkdə davam edərsə, hərçənd, bu, tarixən Azərbaycana məxsusdur, o zaman barışıq və qarşılıqlı anlaşma əvvəlkitək mümkün olmayacaq", - Qulamallah əlavə edib.

Sammit zamanı Azərbaycan, Ermənistan və Rusiyanın dini liderləri üçtərəfli görüşün yekunları üzrə bəyannamə imzalayıblar. Sənəddə deyilir ki, dini liderlərin "dindar adamlara çox yaxın olan dəyərlərə müraciət etmək üçün xüsusi imkanları var".

Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə, bütün ermənilərin katalikosu İkinci Qaregin, Moskva və bütün Rusiyanın patriarxı Kiril Bakıda keçirilən dini liderlərin Ümumdünya sammiti çərçivəsində görüş keçirib.

"Müxtəlif dinlərin nümayəndələrinin görüşərək bir çox mühüm şeylərdən danışmaları dindar insanlar üçün vacib siqnaldır", - Kiril deyib.

Patriarx ümidvar olduğunu bildirib ki, bu siqnallar barışığa, regionda gərginliyin azaldılmasına xidmət edəcək və siyasi liderlərin münaqişələrin siyasi həlli ilə bağlı məsuliyyəti öz üzərinə götürərək razılaşdırılmış nəticəyə gələ bilmələri üçün yaxşı atmosfer yaradacaq.

Xəbər lenti

Xəbər lenti