...

Gürcüstanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü qeyd olunub (FOTO)

Siyasət Materials 10 May 2010 14:16 (UTC +04:00)
Gürcüstanın Marneuli rayonunda fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşkili ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü qeyd olunub.
Gürcüstanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir A.Hüseynbala/

Gürcüstanın Marneuli rayonunda fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşkili ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü qeyd olunub. Tədbirdə əsasən gənclər, ziyalılar və mətbuat nümayəndələri iştirak ediblər.

İlk öncə Mədəniyyət Mərkəzində Heydər Əliyevin həyatından bəhs edən fotoların və bir neçə plakatların, bədii, sənədli əsərlərin sərgisinə baxış keçirilib. Anım gününü Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov açıb və Azərbaycan xalqının görkəmli oğlu və dünya azərbaycanlılarının lideri Heydər Əliyevin həyat və fəaliyyətindən ən maraqlı və yadda qalan faktları sadalayıb.

Azərbaycanlıların Mədəniyyət Mərkəzində təşkil olunmuş tədbirdə Kvemo-Kartli (Borçalı) bölgəsinin qubernator müavini Hüseyn Yusifov Heydər Əliyevin böyüklüyündən, onun Gürcüstan azərbaycanlılarının böyük sevgisini və məhəbbətini qazandığından söz açıb, müxtəlif şənliklərdə, tədbirlərdə ona xüsusi hörmət olduğunu bildirib.

Tədbirdə şair Əlixan Yəhyaoğlu, ziyalı Həsən Əzizov, gənclərdən Lamiyə Piriyeva, Elmira Yusifova və Kəmalə Axundova çıxış ediblər. Ulu öndərin 87-ci ildönümünə həsr edilmiş tədbirdə Marneulidə fəaliyyət göstərən 8 saylı Azərbaycan orta məktəbinin aşağı sinif şagirdləri ümummilli liderə aid şeirlər söyləyiblər.

Tədbirdən sonra anım iştirakçıları Tbilisi şəhərində Heydər Əliyevin büstünü ziyarət ediblər. Burada onlara Azərbaycanın millət vəkili Qənirə Paşayeva da qatılıb, ulu öndərin büstü önünə Dostluq qrupu və Azərbaycanlıların Mədəniyyət Mərkəzinin kollektivi adından əklillər və gül-çiçək dəstələri qoyulub. Büstün önündə ulu öndərin 87-ci ildönümünə həsr edilmiş bir tədbir də təşkil olunub.

Paşayeva tədbirdə çıxışı zamanı qeyd edib ki, ulu öndərimizin hər il anım gününün qeyd edilməsi ənənə halında həyata keçirilir.

"Bu, təkcə Azərbaycanda və Gürcüstanda yaşayan azərbaycanlılar tərəfindən deyil, eyni zamanda, bütün dünya azərbaycanlıları tərəfindən böyük məhəbbətlə qeyd edilir. Bu gün Gürcüstanda ulu öndərimizin 87-ci ildönümünün qeyd olunması bizi çox sevindirir. Bilirik ki, Heydər Əliyev hakimiyyət başında olanda, həmişə dünyada yaşayan azərbaycanlıların, o cümlədən Gürcüstanda yaşayan soydaşlarımızın sosial-rifah halının yüksəlməsi üçün müəyyən tədbirlər həyata keçirirdi. Məhz bu xüsusiyyətləri onu bizə sevdirmişdir. O, burada yaşayan soydaşlarımızı xoşbəxt görmək istəyirdi. Onun bu qayğısı bu gün hiss edilməkdədir. Soydaşlarımızın həyat tərzinin yaxşılaşmasında bü gün Azərbaycan önəmli rol oynayır. Böyük və beynəlxalq layihələrin bu bölgələrdən keçməsi buna sübutdur", - deputat əlavə edib.

Tbilisidə keçirilən anım günündə Gürcüstan Parlamentinin deputatı Azər Süleymanov və ARDNŞ-nin Gürcüstan nümayəndəliyinin əməkdaşı Arif Əliyev çıxış edərək ümummilli lider Heydər Əliyevin Gürcüstanda gürcü və Azərbaycan dostluğunun inkişafı üçün həyata keçirdiyi önəmli tədbirlərdən danışıblar.

Xəbər lenti

Xəbər lenti