...

Azərbaycan DİN Şəmkir rayonunda yol polisinin ölümü ilə bağlı məlumat yayıb

Siyasət Materials 11 May 2010 14:24 (UTC +04:00)
Azərbaycanın Daxili İşlər Nazirliyi (DİN) Şəmkir rayonunda yol polisinin ölümü ilə bağlı məlumat yayıb.
Azərbaycan DİN Şəmkir rayonunda yol polisinin ölümü ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycanın Daxili İşlər Nazirliyi (DİN) Şəmkir rayonunda yol polisinin ölümü ilə bağlı məlumat yayıb.

Məlumata görə, mayın 11-də saat 02:45 radələrində DİN Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Şəmkir rayonu ərazisindəki daimi postunda rayonun Seyidlər kənd sakini Elşən Kazımov tərəfindən idarə edilən "VAZ-2106" markalı avtomaşın nəzarət qaydasında saxlanılıb.

Aparılmış araşdırmalar zamanı avtomaşının sənədsiz idarə edilməsi, habelə sürücünün sərxoş halda olması şübhə doğurduğundan, Kazımov avtomaşından düşürülmüş və sərxoşluq dərəcəsi müəyyən edilməsi üçün DİN BDYPİ YPX-nin əməkdaşı, polis serjantı Mehman Məmmədov tərəfindən xidməti "BMW" markalı avtomaşına oturdulub. Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılarkən, Muxtariyyət kəndi ərazisində Kazımovla polis əməkdaşı arasında münaqişə baş verdiyindən avtomaşın saxlanılıb, bu zaman Kazımov düşərək qaçıb.

Kazımov polis əməkdaşı tərəfindən tutularkən daşla onu qətlə yetirib, hadisə yerindən xidməti avtomaşında qaçıb və Seyidlər kəndi yaxınlığında düşərək gedib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Kazımov tutulmuş və onun orta dərəcəli sərxoş halda olması müəyyən edilib.

Şəmkir paytaxt Bakıdan 410 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti