...

Bir ay ərzində İranın 1200 kiloqramlıq az zənginləşdirilmiş uranı Türkiyəyə təhvil verməsi nəzərdə tutulub - Rəcəb Tayyib Ərdoğan

Siyasət Materials 18 May 2010 02:09 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan uranın zəngilləşdirilməsinə dair İran, Braziliya və Türkiyə razılaşmasını yüksək dəyərləndirib.
Bir ay ərzində İranın 1200 kiloqramlıq az zənginləşdirilmiş uranı Türkiyəyə təhvil verməsi nəzərdə tutulub - Rəcəb Tayyib Ərdoğan

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan uranın zəngilləşdirilməsinə dair İran, Braziliya və Türkiyə razılaşmasını yüksək dəyərləndirib.

"Əvvəlcə təbii ki, üç xarici işlər nazirinin, həqiqətən çox mühüm səyləri oldu. Xarici işlər nazirimiz Davudoğlu, Braziliya xarici işlər naziri Amorim və İran xarici işlər naziri Mottəki, İranın təbii, xüsusilə, uran ilə bağlı bu prosesə rəhbərlik edən naziri hörmətli Cəlilinin sədrliyi ilə, həqiqətən 18 saatlıq gərgin fəaliyyət göstərdilər. Mən Tehrana gecə saat bir radələrində enərkən toplantını yenicə bitirmişdilər və orada onlardan nəticələri aldıq.
Təbii ki, məsələ ilə bağlı birgə bəyanat yayımlandı. Bu bəyanatda istər Türkiyədə az zənginləşdirilmiş uranın təhlükəsizliyinin təminatı, yəni əminliklə Türkiyədə saxlanması, qalması və haradan gətirilməsi məsələləri əksini tapmışdır. Beynəlxalq Atom Enerji Agentliyi bu işin əlaqələndiricisi olacaqdır. Amma ABŞ, Rusiya, Fransa bu işdə öz yerlərini əhəmiyyətli şəkildə qoruyurlar. Burada məlum 120 kiloqramlıq yanacağın İrana verilməsi məsələsi vardı" bunu Ərdoğan Bakıda jurnalistlərə açıqlamasında deyib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Baş nazir deyib ki, ancaq bir ay ərzində İranın 1200 kiloqramlıq az zənginləşdirilmiş uranı Türkiyəyə təhvil verməsi və ondan sonra da bir il ərzində bu 120 kiloqramlıq yanacağın İrana verilməsi məsələsi vardır. Türkiyə bu 120 kiloqramlıq yanacaq haradan gəlibsə oraya təhvil verəcəkdir, bunu həyata keçirəcəkdir.

"Təbii ki, burada Türkiyəyə olan inam çox mühüm əhəmiyyət kəsb edir. İranın Türkiyəyə etimadı çox əhəmiyyətlidir. Eyni şəkildə prosesi dəstəkləyən və bu prosesə faydası olan Braziliyanın mövqeyi çox mühümdür. Buradan Braziliyanın Prezidenti cənab Lulaya da çox təşəkkür edirəm. Çünki, biz prosesi necə yaxından izlədiksə, onlar da bizim qədər yaxından izlədilər. Beləliklə də bu anlaşma orada dünyaya bəyan edildi. İnanıram ki, hər hansı bir sıxıntıya uğramadan prosesi izləyən dünya ölkələri də bu işə lazım olan dəstəyi verəcəklər. Beləliklə, dünyada sülh hər hansı bir sıxıntıya düşməz. Bu mövzuda deyəcəyim bu qədərdir.

Sanksiyalara gəldikdə isə, əgər, bütün dünya ölkələri bu səylərə müsbət mövqedən yanaşarlarsa, sanksiyadan söhbət gedə bilməz. Türkiyə ilk mərhələdən etibarən öz səmimi niyyətini göstərmişdir. Bu məsələlərlə bağlı olaraq BMT-nin Təhlükəsizlik Şurasının daimi və müvəqqəti üzvlərinin hər biri ilə görüşlər keçirmişik. Mənim əsas gözlədiyim birgə bəyannamədən sonra sanksiyanın söhbət mövzusu olmamasıdır. İstər mən, istər xarici işlər nazirimiz, istər hörmətli Lula BMT Təhlükəsizlik Şurasının daimi üzvlərini və digərlərini tez bir zamanda məlumatlandırmağa başlayacağıq. Biz bu işə başlamışıq və bunu davam etdirəcəyik. Əsas məsələləri onsuz da bildirmişik. Bundan əlavə də ikitərəfli görüşlərlə bu prosesi davam etdirəcəyik" Ərdoğan deyib.

Xəbər lenti

Xəbər lenti