Аzərbaycan, Lənkəran, 19 may /Trend, müxbir P.Əliyeva/
Bakıdan yardım haqqında xahiş gəldiyi təqdirdə Rusiya tərəfi Azərbaycana təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında kömək etməyə hazırdır. Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Lənkərana səfəri zamanı jurnalistlərə bildirib.
"Azərbaycan tərəfi bu günə qədər Rusiyaya yardım haqqında müraciət etməyib, mən fikirləşirəm ki, bu, Azərbaycanın öz gücü hesabına problemi aradan qaldırmaq səyləri ilə bağlıdır. Amma inanın ki, əgər belə bir müraciət olarsa, biz yardım etməyə gələn ilk ölkə olacağıq", - Doroxin jurnalistlərə deyib.
Son günlər ərzində yağan intensiv yağışlar nəticəsində, Kürün məcradan çıxması və digər çaylarda daşqınlar səbəbindən 40 rayonun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev dağılıb, 2 min ev qəzalı vəziyyətdədir və 50 min hektar əkin və örüş sahələrini su basıb.