...

Azərbaycanın Hərbi Doktrina layihəsi Milli Məclisə tövsiyə olunub

Siyasət Materials 3 İyun 2010 14:01 (UTC +04:00)
Trend-in məlumatına görə, cümə axşamı Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclasında Azərbaycanın Hərbi Doktrina layihəsinin müzakirəsi keçirilib.
Azərbaycanın Hərbi Doktrina layihəsi Milli Məclisə tövsiyə olunub

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Hərbi Doktrinasının layihəsi Milli Məclisə tövsiyə olunub.

Trend-in məlumatına görə, cümə axşamı Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclasında Azərbaycanın Hərbi Doktrina layihəsinin müzakirəsi keçirilib.

Parlament sədrinin birinci müavini , Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov doktrina barədə məlumat verərək bildirib ki, sənəd Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 11-ci bəndinə uyğun olaraq, Azərbaycan Prezidenti tərəfindən müzakirəyə təqdim edilib.

Hərbi Doktrina sənədi 7 fəsil və 75 bənddən ibarətdir. Sənəddə şəxsiyyət, cəmiyyətin və dövlətin mühafizəsindən söhbət gedir.

Sənəddə milli təhlükəsizlik, regiondakı hərbi təhdidlər, hərbi təcavüz faktları, sürətlə silahlanma, Ermənistanın Azərbaycana hərbi təcavüzü, onun yaratdığı real problemlər, Azərbaycan Silahlı Qüvvələrinin bununla bağlı qarşısında dayanan vəzifələr, eyni zamanda, hərbi quruculuğun gələcək strategiyası, beynəlxalq hərbi əməkdaşlıq, hərbi əlaqələr, Azərbaycanın ikitərəfli beynəlxalq hərbi müqavilələri və digər məsələlər bu sənəddə əksini tapıb.

Doktrinada Ermənistan təcavüzkar tərəf kimi göstərilib.

Həmçinin, qlobal böhranlar, enerji resursları uğrunda aparılan zorakı mübarizələr, separatizm və digər məsələlər Hərbi Doktrina layihəsində əks olunub.
İclasda Təhlükəsizlik və müdafiə komitəsinin üzvləri Zahid Oruc, Aydın Mirzəzadə, Səyavuş Novruzov, Aydın Həsənov və Elman Məmmədov çıxış ediblər.

Onlar Hərbi Doktrinanın cəmiyyətin çoxdan gözlədiyi bir sənəd olduğunu bildiriblər.

Milli Məclisin növbədənkənar iclasında doktrina layihəsi müzakirəyə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti