...

Azərbaycan və Avstriya münasibətləri dönüş nöqtəsinə qədəm qoyur – XİN rəhbəri Mixael Şpindelegger

Siyasət Materials 18 İyun 2010 18:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir Y.Ostapenko/

Bakıda Avstriya səfirliyi və kitabxanasının açılması ikitərəfli münasibətlərdə dönüş nöqtəsinin olduğunu bildirir. Avstriya nümayəndə heyətinin səfəri isə Avstriya və Azərbaycan arasında münasibətlərin möhkəmlənməsinə və dərinləşməsinə gətirib çıxaracaq. Avstriyanın xarici işlər naziri Mixael Şpindelegger belə hesab edir.

"Mən Azərbaycana olan səfərimi səbirsizliklə gözləyirəm. Müzakirələrim geniş olacaq, o cümlədən ikitərəfli əməkdaşlıqdan regiondakı siyasi vəziyyətədək", - nazir Trend-ə iyunun 22-nə nəzərdə tutulan səfəri ərəfəsində bildirib.

Xarici işlər nazirinin başçılığı ilə Avstriya nümayəndə heyətinin səfəri iyunun 22-nə planlaşdırılıb. Şpindeleggerin Prezident İlham Əliyev, Baş nazir Artur Rasizadə, xarici işlər naziri Elmar Məmmədyarov və iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşləri planlaşdırılıb. Nümayəndə heyətinin Azərbaycana səfərinin başlıca məqsədi Bakıda Avstriya səfirliyinin rəsmi açılışıdır.

Cümə axşamı Azərbaycan Dillər Universiteti və Avstriya səfirliyi Bakıda Avstriya kitabxanasının açılması haqqında saziş imzalayıblar. Açılış mərasimi iyunun 23-də olacaq.

Nazirin sözlərinə görə, Avstriya səfirliyi ölkə, hakimiyyət, ziyalılar, kütləvi informasiya vasitələri və iqtisadiyyat sahəsinin nümayəndələri ilə birbaşa əlaqələr qura bilər. Səfirlik geniş sahələr üzrə aktiv mübadiləni stimullaşdıracaq, ikitərəfli münasibətlərin möhkəmləndirilməsini və dərinləşdirilməsini effektiv şəkildə təmin edəcək.

"Məni Avstriya iqtisadiyyat naziri Reynhold Mitterlenerin və xeyli sayda iqtisadiyyat üzrə nümayəndə heyətinin müşayiət etməsi Avstriyanın Azərbaycanla əməkdaşlığı möhkəmləndirmək istəməsindən xəbər verir", - Şpindelegger qeyd edib.

Rəsmi nümayəndə heyətinin səfəri ərəfəsində iyunun 21-də Bakıya Avstriyadan biznes-nümayəndə heyəti gələcək. Səfər Avstriya İqtisadiyyat Palatası tərəfindən təşkil olunub. Bunda məqsəd Azərbaycan və Avstriya şirkətləri arasında işgüzar münasibətlərin qurulmasıdır.

Nazir Azərbaycanın başlıca problemi - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışaraq qeyd edib ki, həll edilməyən münaqişənin bütün iştirakçıları üçün əlverişli qərarın qəbul ediəcəyinə ümid edir.

"Münaqişənin dinc yolla həlli bütün regionun stabilləşməsinə töhfə olar və region əhalisinə gələcəyə ümidlə baxmağa imkan verər", - o vurğulayıb.

Nazir onu da qeyd edib ki, Avstriya ATƏT-in Minsk qrupunun fəaliyyətini tam dəstəkləyir və münaqişənin sülh yolu ilə həll edilməsi üzrə bütün diplomatik səyləri dəstəkləməyə hazırdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti