...

Azərbaycanın iqtisadi və sosial siyasəti hər bir bölgədə nəticəsini verir - Prezident İlham Əliyev (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 26 İyun 2010 02:03 (UTC +04:00)
Biz iqtisadi gücümüzü artırmalıyıq. Xüsusilə qeyri-neft sektorunun, kənd təsərrüfatının, sahibkarlığın və Azərbaycanın gələcək inkişafı bu istiqamətdə davam etməlidir. Çünki bizim artıq güclü maliyyə bazamız, iqtisadi potensialımız vardır.
Azərbaycanın iqtisadi və sosial siyasəti hər bir bölgədə nəticəsini verir - Prezident İlham Əliyev (ƏLAVƏ OLUNUB)

RED. əlavəsi: Prezidentin Lerikdə ictimaiyyət qarşısında çıxışı əlavə olunub.

Biz iqtisadi gücümüzü artırmalıyıq. Xüsusilə qeyri-neft sektorunun, kənd təsərrüfatının, sahibkarlığın və Azərbaycanın gələcək inkişafı bu istiqamətdə davam etməlidir. Çünki bizim artıq güclü maliyyə bazamız, iqtisadi potensialımız vardır. Elə etməliyik ki, bütün bölgələrdə yeni, müasir zavodlar yaransın, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyunun 25-də Lənkərana səfəri çərçivəsində konserv zavodunun açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

"İstehsal sahələri hər bir ölkənin inkişafında aparıcı rol oynayan bir sahədir. İstehsal sahələri həm yerli istehsal, həm də iş yerləri, məşğulluq, ərzaq təhlükəsizliyi deməkdir. Bu zavodda istehsal olunacaq məhsullar Azərbaycan bazarında, xaricdə satılacaqdır. Həm sahibkarlar, fermerlər bundan fayda götürəcək və həm də bütün ölkəmiz. Böyük məbləğlərdə, milyonlarla ölçülən investisiyalar qoyulur. Yəni sahibkarlarda inam var ki, Azərbaycanda bütün iqtisadi məsələlər, investisiyaların qorunması məsələləri gələcəkdə də lazımi səviyyədə qorunacaqdır" deyə İlham Əliyev nitqində deyib.

Dövlət başçısı konserv zavodunun açılışını Lənkəranda əlamətdar hadisə adlandırıb.
"Yeni, gözəl konserv zavodu açılır. Bu, çox gözəl bir hadisə onu göstərir ki, Azərbaycanın bütün bölgələri, o cümlədən Lənkəran rayonu inkişaf edir. Belə müasir zavodun tikilməsi, şübhəsiz, rayonun iqtisadiyyatına yeni təkan verəcəkdir. Burada ən qabaqcıl texnologiyalar tətbiq olunub, fermerlərə ən gözəl xidmət göstəriləcəkdir. Həm istehsalın artırılması, həm də keyfiyyətli məhsulun istehsalı üçün burada bütün şərait vardır.
Zavod əlbəttə ki, Lənkəranda sənayenin inkişafına böyük xidmət göstərəcəkdir və nəinki bu rayonda, eyni zamanda, bölgədə, bütün cənub zonasında kənd təsərrüfatının inkişafına təkan verəcəkdir. Çünki fermerlər artıq öz məhsullarını bu zavoda gətirib təhvil verəcəklər, pulunu alacaqlar və beləliklə, kənd təsərrüfatının inkişafı daha da sürətlə gedəcəkdir" Prezident qeyd edib.

İlham Əliyevin sözlərinə görə, belə zavodların Azərbaycanda yaradılması çox əlamətdar hadisədir, aparılan iqtisadi siyasətin nəticəsidir.

"Bütün bölgələrdə, bütün rayonlarda quruculuq, abadlıq işləri aparılır, yeni müəssisələr yaradılır. İndi dünyada hökm sürən maliyyə böhranı iqtisadi inkişafa böyük dərəcədə maneçilik törədir. Ancaq bu böhranlı illərdə Azərbaycanda yeni, müasir zavodların istifadəyə verilməsi özlüyündə bir göstəricidir.

Ona görə mən gəldim ki, sizinlə görüşüm, bir də, bu zavodun açılışında şəxsən iştirak edim. Sizə, lənkəranlılara yeni uğurlar arzulayıram. Lənkəran rayonu çox uğurla inkişaf edir. Rayonda çox böyük işlər görülür. Həm sənaye infrastrukturu, həm sosial infrastruktur yaradılır, tibb məntəqələri, məktəblər, idman qurğuları, sənaye müəssisələri, turizm obyektləri - yəni, bütün sahələrdə inkişaf vardır. İndi Bakı-Astara avtomobil yolunun tikintisi davam edir. Yolun tikintisi imkan verəcək ki, bütün cənub bölgəsinin Bakı ilə çox gözəl əlaqəsi yaransın. Rahat, dünya səviyyəli bir yol olacaqdır. Lənkəran aeroportu fəaliyyət göstərir, artıq Lənkəran-Moskva beynəlxalq reysləri yerinə yetirilir. Bu da çox gözəl hadisədir. Aeroportun yenidən qurulması artıq konkret nəticələrə gətirib çıxarıb. İnsanlar birbaşa Lənkərandan, cənub zonasından Moskvaya uçurlar, daha Bakıya gəlmirlər" dövlət başçısı deyib.

Prezident bildirib ki, ümumiyyətlə, iqtisadi və sosial siyasətimiz bütün sahələrdə və hər bir bölgədə, hər rayonda öz nəticəsini verir.

"Lənkəranın inkişafı göz qabağındadır. Lənkəranlılar da bunu yaxşı bilirlər və Lənkərana qonaq gələn insanlar bunu görürlər. Mən çox şadam ki, burada bütün işlər çox uğurla və yüksək keyfiyyətlə aparılır. Sizi bütün bu uğurlar münasibətilə, zavodun açılması münasibətilə təbrik edirəm və lənkəranlılara yeni uğurlar arzulayıram. Doğrudan da bu qısa müddət ərzində bütün sahələrdə çox böyük işlər görülüb. Olimpiya Kompleksi ölkəmizdə olimpiya kompleksləri arasında birincilərin sırasındadır. Ondan sonra birinci müalicə-diaqnostika mərkəzi Lənkəranda tikildi. İdman qurğuları, zavodlar, fabriklər, həm sosial infrastruktur, həm iqtisadi müəssisələr, sənaye müəssisələri. Yəni, Lənkəran hərtərəfli inkişaf edir. Lənkəran gözəlləşib, abadlaşıb, tarixi bir şəhərdir, tarixi diyardır, gözəl təbiəti vardır. Turizm üçün də gözəl imkanlar vardır. Burada mehmanxanalar da vardır, mən keçən dəfə gələndə olmuşam, daha da çox tikilməlidir.

Yeni yol çəkilir. Bakı ilə Lənkəran arasında məsafə də qısalacaqdır. Çünki yeni xətt açılır. Bundan sonra aeroport tikilib. Özü də beynəlxalq aeroport. Heç vaxt Lənkəranda beynəlxalq aeroport olmayıb. Bilirsiniz, sovet vaxtında daxili uçuşlar üçün olubdur. Kiçik təyyarələr uçurdu. Amma indi burada tikilmiş zolaq ən ağır yük təyyarələrini də qəbul edə bilər. Aeroport tikiləndən sonra gördük ki, artıq beynəlxalq uçuşlar da açıldı. İndi Lənkəran-Moskva uçuşları yerinə yetirilir. Bu aeroport gələcəkdə Lənkəranı başqa şəhərlərlə də birləşdirəcəkdir.

Bir sözlə, bu zonanın inkişafının çox böyük imkanları və potensialı vardır. Biz çalışmalıyıq ki, bundan maksimum dərəcədə istifadə edək. Artıq burada yaradılmış sənaye müəssisələri bütün zonanı böyük dərəcədə gücləndirəcəkdir. Nəzərə almalıyıq ki, ətraf rayonlarda da işlər yaxşı gedir. Bu, böyük bir uğurdur, böyük bir nailiyyətdir. Ancaq, biz əldə edilmiş bu nailiyyətlərlə kifayətlənməməliyik, gələcəyə baxmalıyıq. Daha da çox işlər görülməlidir. Mən şübhə etmirəm ki, sahibkarlar da burada yaradılmış imkanlardan istifadə edəcəklər, yeni müəssisələr, turizm kompleksləri yaradacaqlar. Dövlət də öz tərəfindən sahibkarlara dəstək verir. Kreditlər ayrılır, əlverişli şərait, investisiya mühiti yaradılır, kənd təsərrüfatına subsidiyalar, aqrolizinq yolu ilə texnika, ondan sonra gübrə, yanacaq verilir. Demək olar ki, fermerlər bircə vergi istisna olmaqla bütün vergilərdən azaddırlar. Əgər dövlətin dəstəyi olmasaydı, biz bu qədər kənd təsərrüfatı məhsulu istehsal edə bilməzdik. Bu gün biz ərzaq təhlükəsizliyimizi demək olar ki, təmin etmişik. Əsas qida məhsulları Azərbaycanda istehsal və emal olunur. Hazır məhsul istehsalını bax bu zavodun timsalında görürük. Ən əsası odur ki, bütün planlarımız həyatda reallaşır.

Sizə yeni uğurlar cansağlığı və xoşbəxtlik arzulayıram və biz yenə də görüşəcəyik" Prezident çıxışında bildirib.

Mən çox şadam ki, Lerikdə inkişaf çox sürətlə gedir. Mən artıq üçüncü dəfədir ki, Lerikdəyəm. Hər dəfə gələndə yeni müəssisələr, yeni obyektlər açılır, abadlıq işləri aparılır. Bunları görürəm və çox sevinirəm. Rayonun, sözün əsl mənasında, inkişafı həm yerli sakinlər, həm də bütün ölkə üçün çox vacibdir. Çünki Lerik paytaxtdan uzaqda yerləşən dağ rayonudur. Dağ rayonlarına, paytaxtdan, mərkəzdən uzaqda yerləşən bölgələrə xüsusi diqqət göstərilməlidir və bu diqqət göstərilir, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyunun 25-də Lerikə səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

"Bax bu gün həm Heydər Əliyev Mərkəzinin, həm də əsaslı təmirdən sonra fəaliyyətə başlayan mərkəzi xəstəxananın açılışını qeyd edirik. Mənə verilən məlumata görə, mədəniyyət evi də təmir olunubdur, ora da baxacağam. Uzunömürlülər muzeyi yaradılıb. Bu da çox gözəl təşəbbüsdür. Çünki Lerik uzunömürlülər diyarıdır. Yəni, biz bir gündə rayonun inkişafını əks etdirən bir neçə obyektin açılışını bərabər qeyd edəcəyik. Bu, onu göstərir ki, hər bir bölgədə, hər bir rayonda inkişaf üçün imkanlar vardır. Əsas odur ki, iradə olsun, iradə də vardır. Azərbaycanın hərtərəfli və uğurlu inkişafı bölgələrin inkişafından asılıdır. Biz bu gün Heydər Əliyev Mərkəzinin açılışını qeyd etdik. Çox gözəl, yaraşıqlı mərkəzdir. Həm xarici görünüşü çox gözəldir, həm daxili tərtibatı. Ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər çox böyük təsir bağışlayır. Bu, Azərbaycanın tarixidir. Həm 1970-ci illərdə, həm 1980-ci illərin əvvəllərində, həm də müstəqillik dövründə Heydər Əliyevin fəaliyyəti Azərbaycanın inkişafına xidmət edibdir. Onun zəhməti və fəaliyyəti nəticəsində ölkəmiz o illərdə böyük və uğurlu yol keçmişdir. Bu siyasət bu gün də davam edir. Heydər Əliyev siyasəti bütün sahələrdə davam etdirilir. Lerikin bugünkü siması o siyasətin nəticəsidir" İlham Əliyev deyib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi məlumat yayıb.

Dövlət başçısı Lerikin timsalında Azərbaycanın sürətli inkişafını çox əyani şəkildə gördüyünü qeyd edib.

"Biz əldə edilmiş uğurlarla növbəti illərdə kifayətlənməməliyik, irəliyə baxmalıyıq, əlavə hansı tədbirlər görülməlidir. Bir neçə il bundan əvvəl biz Lənkəran-Lerik yolunun açılışını bərabər qeyd edirdik. Lerik sakinləri yaxşı xatırlayır ki, o yol hansı vəziyyətdə idi. Bərbad vəziyyətdə idi. Çox böyük çətinliklər yaradırdı. Gənclər isə yəqin ki, indi onu xatırlamırlar. Yəni, bu yeni yola öyrəşiblər və bu da təbiidir. Hər bir yenilik, hər bir gözəl təşəbbüs, irəliləyiş gözəl bir şərait yaradır.

Yolun ardınca Lerik rayon mərkəzinə qaz xətti də çəkildi. Heç sovet vaxtında bu zona qazlaşdırılmamışdı. O layihə böyük maliyyə vəsaiti tələb edirdi. Ancaq biz bunu etdik. Çünki Azərbaycanın bütün rayonları qazla təmin edilməlidir. Növbəti mərhələlərdə kəndlərdə qaz təchizatı genişlənməlidir, yeni xətlər çəkilməlidir. Elektrik enerjisi ilə təchizat yaxşılaşır. Düzdür, bəzi hallarda Lerikin hava şəraitinə görə - hava pisləşəndə işıq dirəkləri sıradan çıxır. Ancaq əsas odur ki, bizdə indi kifayət qədər imkanlar var ki, ilk növbədə təmir işlərini sürətlə aparaq. Digər tərəfdən yeni enerji gücləri yaranır. Astarada elektrik stansiyasının tikintisi bütün zona üçün enerji təminatını böyük dərəcədə yaxşılaşdırıb" Prezident çıxışında deyib.

Dövlət başçısı deyib ki, rayonun potensialı maksimum dərəcədə işə salınmalıdır. Xüsusilə kənd təsərrüfatı, emal və sənaye müəssisələri, turizm imkanları çox genişdir.

"Bildiyimə görə artıq rayon ərazisində bir neçə turizm mərkəzi yaradılmışdır və Azərbaycanın müxtəlif bölgələrindən istirahət üçün buraya gələnlərin sayı artır. Lerikin çox gözəl təbiəti, təbii sərvətləri, gözəl havası vardır. Yəni, bu, böyük sərvətdir və əlbəttə ki, biz bu imkanlardan - turizm imkanlarından səmərəli şəkildə istifadə etməliyik.
Ümumiyyətlə, ölkəmizdə işlər yaxşı gedir. İslahatlar aparılır. Azərbaycan uğurla inkişaf edir. Bölgələr inkişaf edir. Regional inkişaf proqramı icra edilir və bütün zonaları əhatə edir. Biz bu proqramın növbəti illərdə icrası nəticəsində elə etməliyik ki, ölkə qarşısında duran əsas iqtisadi və sosial məsələlər həll olunsun. Belə imkanlar vardır və bu günə qədərki işlər, onların uğurla icrası belə deməyə əsas verir.

2004-cü ildə regionların inkişafına böyük təkan verən proqram qəbul edildi və icra olundu. Əsas odur ki, proqramda nəzərdə tutulmuş bütün məsələlər son 6 ildə öz həllini tapdı, o cümlədən Lerik rayonunda. Bax burada görülən işlər, həm infrastruktur, yollar, ondan sonra qaz xətləri, səhiyyə ocaqları, məktəblər - onların hamısı regional inkişaf proqramında nəzərdə tutulmuş məsələlər idi. Biz növbəti illərdə fəaliyyətimizi plan üzrə davam etdirəcəyik və kifayət qədər vəsait də nəzərdə tutulub" Prezident söyləyib.
Dövlət başçısı bildirib ki, Azərbaycanın iqtisadi imkanları yaxşıdır.

"Mən dəfələrlə demişəm ki, biz öz hesabımıza yaşayırıq. Azərbaycan xalqının zəhməti hesabına yaradılan bu şəraitdən vətəndaşlarımız istifadə edirlər. Ölkəmizin iqtisadi potensialı artacaq, buna şübhə yoxdur. Görülən bütün işlər bu məqsədi güdür. Maliyyə imkanlarımız genişlənəcək və belə olan halda insanlar daha da yaxşı yaşayacaqlar. Pensiyalar, əmək haqları, sosial müavinətlər vaxtında ödənilir və onların həcmi artmalıdır.

Bax belə, mən gəlmişəm ki, sizinlə yenidən görüşüm, bu gözəl tədbirdə bərabər iştirak edək. Sizə ən xoş arzularımı çatdırmaq istəyirəm. Arzu edirəm ki, sizin həyatınızda hər şey yaxşı olsun" Prezident əlavə edib.

Prezident əmin edib ki, bundan sonra da fəaliyyətimdə əlindən gələni edəcək ki, Azərbaycanı daha da gücləndirək.

"Bizim bir məqsədimiz var ki, ölkəmiz daha da güclənsin. Həm dünyadakı mövqelərimiz daha da güclü olsun, həm də ölkə daxilində bütün proseslər müsbət istiqamətdə davam etsin. Bu gün bunu etmək üçün bütün imkanlar vardır. Mən tam əminəm ki, gələcək inkişafımız çox uğurlu olacaqdır. Çünki bunu etmək üçün bütün əsaslar vardır.

Azərbaycan dövlətçiliyi möhkəm təməl üzərində qurulubdur. Baxmayaraq ki, biz müstəqilliyi əldə edəndə gələcək müstəqil həyatımız, demək olar ki, şübhə altında idi. O illəri hamımız yaxşı xatırlayırıq. Həm daxili çəkişmələr, həm Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, vətəndaş müharibəsi, hakimiyyət uğrunda mübarizə - bütün bu hadisələr müstəqilliyimizi sarsıdırdı. Sual yaranırdı ki, Azərbaycan müstəqil ölkə kimi yaşaya biləcək, yoxsa yox? Çünki müstəqilliyimizin əvvəlki dövrlərdə tarixi uzun olmamışdır. Rus imperiyasının dağılmasından sonra 1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaranmışdı və cəmi iki il yaşadı. Ondan sonra müstəqilliyimiz müxtəlif səbəblər üzündən əlimizdən alındı. Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan yenidən müstəqilliyə qovuşdu. Yenə də iki il keçəndən sonra müstəqilliyimiz şübhə altında idi, əldən gedə bilərdi. Azərbaycan xalqı o vaxt həmişə olduğu kimi, öz müdrik sözünü dedi. Ulu öndəri hakimiyyətə dəvət etdi və 1993-cü ilə qədərki bütün xoşagəlməz hadisələrə onun fəaliyyəti nəticəsində son qoyuldu, sabitlik bərpa olundu, inkişaf başladı.

İndiki dövr o dövrün davamıdır. İndiki dövrün əlbəttə ki, öz xüsusiyyətləri vardır. Çünki həyat yerində durmur, ölkə qarşısına yeni çağırışlar, yeni məsələlər çıxır. Həm beynəlxalq müstəvidə, həm bölgədə yeni hadisələr baş verir. Biz bütün bu hadisələrə hazırıq. Bütün hadisələrə münasibətimizi bildiririk. Ona görə Azərbaycan bu gün beynəlxalq aləmdə çox böyük hörmətə malik olan bir ölkədir. Nəyin hesabına? Ona görə ki, bizim siyasətimiz çox səmimidir, açıqdır və birmənalıdır. İstər daxili, istərsə də xarici siyasətdə bizim öz siyasi xəttimiz vardır. O xətt bizə imkan verir ki, istədiyimizə nail olaq" İlham Əliyev deyib.

Prezidentin sözlərinə görə, ölkə daxilində gedən proseslər Azərbaycanı gücləndirir.
"Əgər güclü iqtisadiyyatımız olmasaydı, biz necə müstəqil siyasət apara bilərdik? Daxili imkanlar səfərbər olundu. Enerji sektorundakı təşəbbüslər real nəticələr verdi. Biz enerji sektorunda əldə edilmiş nailiyyətlərin nəticələrini, yəni maliyyə resurslarını digər sektorlara yönəltdik. Kənd təsərrüfatı, qeyri-neft sektoru, sahibkarlıq, kənd təsərrüfatının müxtəlif istiqamətlərində aparılan islahatlar özünü bu gün göstərir. Ölkəmizin hərtərəfli inkişafına nail ola bildik. Bu proses - ölkəmizin gücləndirilməsi və Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması, bütün sosial məsələlərin həlli davam edəcəkdir.

Bax, bu gözəl xəstəxana indi xidmət göstərəcəkdir. Düzdür, leriklilər çox sağlamdırlar və onların səhhətində heç bir problem yoxdur. Onlar dünya miqyasında məşhurdurlar, uzunömürlüdürlər, - fiziki cəhətdən çox sağlamdırlar. Amma hər ehtimala qarşı xəstəxana da olmalıdır. Burada da bütün lazımi avadanlıq quraşdırılıb. Ən müasir aparatlar, texnika - yəni burada bütün tibbi xidmət göstərilməlidir. Mən tövsiyə edirəm ki, hər bir vətəndaş ildə bir dəfə müayinədən keçsin və beləliklə, biz insanlarımızın sağlamlığını təmin edəcəyik. Uşaqlıq, körpəlik dövründən bu məsələlərə fikir verilməlidir.

Azərbaycanda bu sahədə də böyük işlər görülür. Bütün bölgələrdə müasir xəstəxanalar, diaqnostika mərkəzləri tikilibdir. İndi doğum evlərinin tikintisi sürətlə gedir. Bunun nəticəsində Azərbaycanda uşaq ölümünün səviyyəsi aşağı düşübdür. İnsanlarımızın sağlamlığını təmin edən tədbirlərin sayı çoxdur - həm tibbi xidmət, eyni zamanda, təmiz ekoloji vəziyyət. Leriklilərin bu cəhətdən bəxti gətirib. Onlar çox gözəl təbii şəraitdə yaşayırlar. Ancaq başqa müxtəlif yerlər vardır ki, orada ekoloji vəziyyət o qədər də yaxşı deyil, xüsusilə neftlə çirklənmiş ərazilərdə. Biz indi böyük proqramlar icra edirik ki, çirklənmiş gölməçələri qurudaq, təmizləyək, abadlaşdıraq, Abşeron yarımadasında da ekoloji vəziyyət bizi qane etsin. Bütün işlər görülür. Böyük proqram icra olunur. Həm Xəzər dənizinin təmizlənməsi, kanalizasiya sisteminin quraşdırılması, həm də ağacəkmə kampaniyası davam etdirilir. Azərbaycan əhalisi bu və ya digər bölgədən asılı olmayaraq, təmiz ekoloji şəraitdə yaşamalıdır.

Ona görə bir daha demək istəyirəm ki, bax, bu gün Lerikdə açılan obyektlərin - xəstəxananın, gözəl mərkəzin, muzeyin, mədəniyyət mərkəzinin əhəmiyyəti və kəmiyyəti böyük bir göstəricidir. İndi siz qeyd etdiniz, son illər ərzində 22 məktəb tikilibdir. Bu, böyük bir işdir. Hələ bəlkə 22 məktəb də tikilməlidir. Çünki hələ çox da yaxşı vəziyyətdə olmayan məktəblər vardır. Ancaq son 7 ildə Azərbaycanda iki min məktəb tikilib. Azərbaycanda bütün dövrlərdə cəmi 4500 məktəb tikilibdir. Demək olar ki, əsasən ən bərbad vəziyyətdə olan məktəblər dağıdıldı, yerində yeniləri tikildi. Ancaq hələ ki, qəzalı vəziyyətdə məktəblər vardır. Bütün bu işləri biz plan üzrə aparırıq.

Bölgələrdə tibbi xidmət yaxşılaşdırılır. İndi hər bir bölgədə, rayonlarda gözəl mərkəzlər vardır. İndi tibbi yardım almaq üçün heç yerə getmək lazım deyildir. Bu, hər rayonda olmalıdır. Hər kənddə şərait olmalıdır. Kənd yolları tikilməlidir ki, əhali rahat gedib-gələ bilsin. Hər rayon üzrə konkret proqram vardır. Lerik rayonu üzrə də konkret proqram vardır və dövlət tərəfindən həmişə diqqət göstəriləcəkdir. Əmin ola bilərsiniz ki, mən də həmişə leriklilərə öz diqqətimi əsirgəməyəcəyəm. Bir daha demək istəyirəm ki, Lerikə üçüncü dəfədir, gəlirəm. Bu gözəlliyi görəndə ürəyim sevinir. Bütün uğurlarla sizi təbrik edirəm" Prezident çıxışının sonunda deyib.

Xəbər lenti

Xəbər lenti