...

AVCİYA Parlament seçkilərinə hazırlığın birinci mərhələsini başa vurub

Siyasət Materials 6 İyul 2010 11:26 (UTC +04:00)
AVCİYA Parlament seçkilərinə hazırlığın birinci mərhələsini başa vurub
AVCİYA Parlament seçkilərinə hazırlığın birinci mərhələsini başa vurub

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahı noyabrda keçiriləcək Parlament seçkisi ilə bağlı hazırladığı proqramın birinci mərhələsini başa vurub.

"Təşkilatın Seçki Qərargahı birinci mərhələnin proqramına uyğun olaraq, Parlament seçkisi ilə əlaqədar regionlarda fəaliyyətini gücləndirib", - bunu çərşənbə axşamı Trend BİA-nın mətbuat zalında keçirdiyi brifinqdə AVCİYA-nın Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib.

Azərbaycanda Parlament seçkilərinin noyabrın birinci həftəsində keçirilməsi nəzərdə tutulur.

Qeyri-hökumət təşkilatı sayılan AVCİYA seçkilərin daha demokratik, şəffaf olması, seçki praktikasının və qanunvericiliyinin təkmilləşdirilməsinə yaxından kömək göstərmək məqsədilə proqramlar həyata keçirir, müşahidəçiliyi reallaşdırır. Builki Parlament seçkilərində AVCİYA müşahidəçilik missiyasını həyata keçirəcək.

Zülfüqarlı bildirib ki, AVCİYA Parlament seçkiləri ilə əlaqədar işini üç mərhələdə aparmağı planlaşdırıb.

"İlk növbədə, assosiasiyanın regional ofislərinin işinin Parlament seçkilərinə uyğunlaşdırılması; növbəti mərhələdə regionlarda seçici fəallığının artırılması üçün seminarların keçirilməsi nəzərdə tutulub. Üçüncü mərhələdə isə müşahidəçilər üçün treninqlər keçirilməsi planlaşdırılır", - Zülfüqarlı əlavə edib.

AVCİYA fəaliyyət proqramında nəzərdə tutulan birinci mərhələni, regional ofislərin işinin seçkilərə uyğunlaşdırılması mərhələsini başa vurub. Bu mərhələdə Xaçmaz, Şirvan, Lənkəran, Oğuz, Zaqatala, Ucar, Goranboy, Gəncə regional nümayəndəliyinin işinin Parlament seçkilərinə uyğunlaşdırılması ilə bağlı tədbirlər həyata keçirib. Bundan başqa, 27 rayon üzrə koordinatorlarla görüşlər keçirilib. Bu mərhələdə AVCİYA seçkilərə aid bir sıra metodik vəsait və 14 kitabça nəşr edib.

Zülfüqarlı deyib ki, Parlament seçkilərində qadın və gənclərin seçici fəallığının yüksək olacağı proqnozlaşdırılır.

AVCİYA iyul ayının əvvəllərindən fəaliyyət proqramının ikinci mərhələsinin icrasına başlayıb.

Xəbər lenti

Xəbər lenti