...

Azərbaycanda seçkilərin keçirilməsi prosesi ildən-ilə daha da təkmilləşir, şəffaflıq tam şəkildə təmin edilir - Prezident İlham Əliyev (YENİLƏNİB)

Siyasət Materials 12 İyul 2010 20:29 (UTC +04:00)
İyulun 12-də Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının yeni inzibati binasının açılışı olub. Prezident İlham Əliyev binanın açılışında iştirak edib.
Azərbaycanda seçkilərin keçirilməsi prosesi ildən-ilə daha da təkmilləşir, şəffaflıq tam şəkildə təmin edilir - Prezident İlham Əliyev (YENİLƏNİB)

RED. əlav.: Prezident İlham Əliyevin, MSK sədri Məzahir Pənahovun sözləri və təfərrüatlar əlavə olunub

İyulun 12-də Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının yeni inzibati binasının açılışı olub. Prezident İlham Əliyev binanın açılışında iştirak edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Komissiyanın üzvləri və əməkdaşları dövlətimizin başçısını hərarətlə qarşılayıblar.

Prezident İlham Əliyev yeni binanın istifadəyə verilməsi münasibətilə komissiyanın üzvlərini təbrik edib. "Yeni binanın istifadəyə verilməsi münasibətilə sizi ürəkdən təbrik edirəm. Mərkəzi Seçki Komissiyası üçün gözəl, möhtəşəm bina yaradılıbdır. Bu, çox gözəl bir haldır, yəni artıq sizin üçün iş şəraiti də çox uyğun olacaqdır. Həm gözəlliyi ilə seçilir, - indi içəri də baxacağam, - amma bildiyimə görə, həm də içəridə şərait yaxşıdır. Yəni, biz bütün lazımi tədbirləri görürük ki, sizin işiniz daha da yaxşı təşkil olunsun.

Mən çox şadam ki, son illər ərzində Mərkəzi Seçki Komissiyası öz işində böyük nailiyyətlər qazanıblar. Komissiyanın çox vacib funksiyaları vardır. Azərbaycanda seçkilərin keçirilməsində artıq böyük təcrübə var və biz ən qabaqcıl təcrübəni öyrənirik, Azərbaycanda tətbiq edirik. Bütün işlər beynəlxalq standartlara uyğun şəkildə qurulubdur. Azərbaycanda seçkilərin keçirilməsi prosesi ildən-ilə daha da təkmilləşir, şəffaflıq tam şəkildə təmin edilir və insanlar azad, sərbəst şəkildə öz iradələrini ifadə edirlər", - Prezident İlham Əliyev deyib.

Azərbaycan Prezidenti qeyd edib ki, MSK üzvlərinin fəaliyyətindən çox şey asılıdır. "Azərbaycan bütün beynəlxalq konvensiyalara qoşulubdur, seçki prosesinin daha da təkmilləşdirilməsi işində beynəlxalq təşkilatlarla uğurlu fəaliyyət göstərir. Bu gün Azərbaycanda seçkilərin keçirilməsi prosesi artıq Avropa standartlarına uyğundur. Əminəm ki, Azərbaycanda qarşıdan gələn parlament seçkiləri də ədalətli keçiriləcək, xalqın iradəsi tam şəkildə öz əksini tapacaq və beləliklə, Azərbaycanda demokratiyanın inkişafı prosesində yeni önəmli addım atılacaqdır.
Sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm. Həm memarlar, həm də inşaatçılar bu layihə üzərində uzun illərdir ki, işləyiblər. Əlbəttə, mən istəyirdim ki, həm xarici görünüşü də gözəl olsun, yeri də yaxşı yer seçilsin və eyni zamanda, daxildə də yaxşı şərait yaradılsın. Yerə gəldikdə, Bakının bu ucqar bölgəsi artıq mərkəzə yaxınlaşır, bu yaxınlarda metro da çəkilibdir, yeni stansiya da açılıbdır. Yəni, bura gəlmək asandır. Bir də ki, bu binalar təmir olunur. Burada Miqrasiya Xidmətinin binası bu yaxınlarda açılmışdır. Bura Bakının, bir növ yeni inzibati mərkəzinə çevriləcəkdir. Bir daha sizi təbrik edirəm", - İlham Əliyev bildirib.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov dövlətimizin başçısına komissiya üzvlərinin və əməkdaşların minnətdarlığını çatdırıb. "Cənab Prezident, icazə verin, mən də komissiyanın bütün üzvləri adından, öz adımdan Sizə minnətdarlığımı bildirim. Komissiya üzvləri artıq bilirlər ki, bu bina layihələndirmə mərhələsindən tutmuş ta indiki mərhələyə qədər həmişə Sizin diqqətiniz altında olub. Biz də çalışmışıq ki, Sizin etimadınızı doğruldaq. İstəmişik ki, etimadınızı işimizlə doğrultduğumuz kimi, bina da Sizin ümumi standartlarınıza uyğun olsun. Siz özünüz layihəni bəyənəndən, ona öz xeyir-duanızı verəndən sonra çalışmışıq ki, bütün addımlar keyfiyyət baxımından Sizi qane edən standartlara uyğun olsun.

Mən deyərdim ki, komissiya üzvləri üçün bəlkə də Avropada analoqu olmayan bir iş şəraiti yaradılıbdır. Bizim bütün qonaqlarımız artıq məlumatlandırılıbdır. Mərkəzi Seçki Komissiyasının işi həmişə ulu öndərimizin diqqət mərkəzində olub və biz onun qayğısını daim hiss etmişik və sonra da həmişə Sizin hamiliyiniz, qayğınız altında fəaliyyət göstərmişik. Hesab edirəm ki, bizə göstərdiyiniz etimadı doğruldacağıq. Sizə uğurlar arzu edirik", - Pənahov deyib.

Sonra Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsib və bina ilə yaxından tanış olub.

Dövlətimizin başçısına məlumat verilib ki, milli eklektika üslubunda inşa olunmuş doqquzmərtəbəli binanın sifarişçisi Mərkəzi Seçki Komissiyası, layihənin müəllifi memar Vüqar Həsənov, podratçı təşkilat isə "Xəzər" Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzidir.

Burada komissiya üzvlərinin və əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılıb. Hündürlüyü 39 metr olan binanın ümumi tikinti sahəsi 9600 kvadratmetrdir.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov dövlətimizin başçısına məlumat verərək bildirib ki, birinci mərtəbədə 320 yerlik akt zalı yerləşir. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Bundan əlavə, ictimai informasiya mərkəzi və digər işçi otaqlar da birinci mərtəbədə yerləşir.

Prezident İlham Əliyev binanın yuxarı mərtəbəsində konfrans və qəbulların keçirilməsi üçün zalda yaradılmış şəraitlə tanış olub. Bildirilib ki, burada treninq və praktiki məşğələlərin keçirilməsi üçün treninq otağı, yeməkxana və digər yardımçı otaqlar yerləşir.

Dövlətimizin başçısı eyvandan şəhərin mənzərəsini seyr edib.

binada Mərkəzi Seçki Komissiyasının 100 nəfərlik iclas zalı da var. Xarici və beynəlxalq nümayəndələrin işləməsi də diqqətdən kənarda qalmayıb, onlar üçün iş otaqları ayrılıb.

Dövlətimizin başçısına məlumat verilib ki, "Seçkilər" İnformasiya Mərkəzi də bu binada yerləşəcək. Mərkəzin konfrans zalında seçkilər zamanı nəticələrin nümayiş olunması üçün böyük monitorlar quraşdırılıb. Bu monitorlar Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminə (DAİS) qoşulmaqla səsvermənin gedişi və nəticələri haqqında məlumatların nümayiş olunması funksiyasını yerinə yetirir. Binada müxtəlif funksiyalı elektron şəbəkə quraşdırılıb ki, bu da dairə seçki komissiyaları ilə DAİS vasitəsilə elektron məlumat mübadiləsi, daxili və internet şəbəkəsi qismində fəaliyyət göstərir. Burada mərkəzi server və kommunikasiya otağı, yerli şəbəkə və internet şəbəkəsinin mərkəzi serverləri quraşdırılıb. Server otağına giriş-çıxışın nəzarətdə saxlanılması və təhlükəsizlik məqsədi ilə otağın giriş qapısında xüsusi barmaq izi funksiyası ilə fəaliyyət göstərən keçid qurğusu var.

Binada seçkilər zamanı canlı müşahidə imkanı da təmin olunub. Seçki məntəqələrində yerləşdirilmiş veb-kameralara texniki nəzarət mərkəzi təşkil edilib. İstər ölkə daxilindən, istərsə xaricdən MSK-nın internet səhifəsinə daxil olmaqla bu veb-kameralar vasitəsilə səsvermə prosesi, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini müşahidə etmək mümkündür.

Ölkədə prezident və parlament seçkilərinin, həmçinin referendumların, bələdiyyələrə seçkilərin hazırlanmasını və keçirilməsini təmin edən əsas dövlət orqanı olan Mərkəzi Seçki Komissiyasının yeni binası bu qurumun fəaliyyətinin daha səmərəli təşkilinə geniş imkanlar açır. Vətəndaşların seçki hüquqlarına riayət olunmasına nəzarətin artırılmasına, dairə və məntəqə seçki komissiyalarının fəaliyyətinin gücləndirilməsinə, seçki komissiyalarının fəaliyyətinə dair monitorinqlərin aparılmasına daha yaxşı şərait yaradılıb. Seçki komissiyalarının üzvləri üçün ixtisaslaşdırılmış kursların keçirilməsi, seçici siyahılarının dəqiqləşdirilməsi, aşağı seçki komissiyası üzvlərinin maarifləndirilməsi, ölkə elektoratının və digər seçki subyektlərinin məlumatlandırılması, beynəlxalq təşkilatlarla əməkdaşlıq, seçki prosesində aşkarlığın və şəffaflığın təmin olunması üçün binada hər cür şərait var.

Yaradılmış şəraitlə yaxından tanış olan Prezident İlham Əliyev bir daha yeni binanın istifadəyə verilməsi münasibətilə komissiyanın üzvlərini təbrik edib, onlara işlərində uğurlar arzulayıb. Binada yaradılmış imkanlardan razı qalan dövlətimizin başçısı burada kollektivin səmərəli fəaliyyəti üçün hər cür şəraitin olduğunu, bunun isə Mərkəzi Seçki Komissiyasının işinin daha səmərəli təşkilinə imkan verdiyini diqqətə çatdırıb.

Komissiyanın üzvləri onlar üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıq ediblər.

Daha sonra Prezident İlham Əliyevə Mərkəzi Seçki Komissiyasının qarşısında quraşdırılmış günəş batareyalarının fəaliyyəti barədə məlumat verilib. Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Akim Bədəlov bildirib ki, bu, paytaxtda həyata keçirilən ilk pilot layihədir. İlkin nəticələr uğurludur, belə ki, ərazidə quraşdırılmış günəş panelləri və kollektorları həm Mərkəzi Seçki Komissiyasının yeni binasındakı qəza işıqlarının, həm də ətrafdakı işıq dirəklərinin fasiləsiz enerji ilə təmin olunmasına imkan verir. Binanın isti su ilə təchizatı da günəş kollektorları vasitəsilə həyata keçirilir. Gələcəkdə belə layihələrin sayının artırılması və tətbiqinin genişləndirilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib.

Xəbər lenti

Xəbər lenti