İyulun 12-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva
Yunanıstanın Azərbaycandakı səfiri İoannis Metaksas ilə görüşüb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Qonağı Fondda salamlayan Mehriban xanım Əliyeva Azərbaycan ilə Yunanıstan arasında əlaqələrin bütün sahələri əhatə etdiyini söyləyib. Fondun fəaliyyətinin çoxşaxəli olduğunu deyən Mehriban xanım gələcəkdə əməkdaşlığın daha da genişlənəcəyinə ümidvar olduğunu bildirərək qeyd edib ki, Heydər Əliyev Fondu beynəlxalq əlaqələrə, birgə layihələrə hər zaman açıqdır.
Səfir İoannis Metaksas Bakıya gələndən sonra Fondun fəaliyyəti ilə daha yaxından tanış olduğunu bildirib, qurumun həyata keçirdiyi layihələrin əhəmiyyətini vurğulayıb. O, Prezident İlham Əliyevin və Mehriban xanımın Afinaya ötənilki səfərlərini xatırladıb.
Görüşdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan internat məktəblərində alternativ enerji mənbələrindən istifadə məsələləri müzakirə olunub. Yunanıstan səfirliyi pilot layihə kimi Badamdar və Türkan qəsəbələrindəki iki internat məktəbində bu layihəni həyata keçirəcək.
Səfir Fonda yodun çatışmazlığı diaqnostikasını aparan ultrasəs müayinəsi aparatı təqdim etdiyini bildirib. Bu aparat ölkəmizin xəstəxanalarından birinə veriləcək.