...

Azərbaycanın müxalif "Azadlıq" blokunu dağılmış hesab etmək olar - Liberal Partiyanın sədr əvəzi

Siyasət Materials 13 İyul 2010 13:49 (UTC +04:00)
Azərbaycanın müxalif “Azadlıq” blokunu dağılmış hesab etmək olar
Azərbaycanın müxalif "Azadlıq" blokunu dağılmış hesab etmək olar - Liberal Partiyanın sədr əvəzi

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif  "Azadlıq" blokunu dağılmış hesab etmək olar, - bunu çərşənbə axşamı Trend-ə Azərbaycan Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan deyib.

"Bundan sonra "Azadlıq" bloku üçpartiyalı tərkibdə mövcud olmayacaq. Mən hesab edirəm, çox yaxın zamanlarda "Azadlıq" blokunun fəaliyyəti dayanacaq və bundan məyus deyilik. Biz Vətəndaş və İnkişaf Partiyası ilə və digər lazım bildiyimiz partiyalarla seçkilərə gedəcəyik. Buna görə heç də məyus deyilik", - Temirxan əlavə edib.

Blokun üzvü olan Azərbaycan Xalq Cəbhəsi Partiyası Müsavat Partiyası ilə seçki bloku yaratmaq barədə qərar qəbul edib.

Temirxan deyib ki, "Azadlıq" blokunun dağılmaması üçün ALP və VİP əlindən gələni edib.

"Azadlıq" blokunun qalması üçün ALP və VİP əlindən gələni etdi. ALP və VİP bu blokun dağılması üçün heç bir bəhanə belə verməyib", - Temirxan bildirib.

Temirxan deyib ki, ALP və VİP AXCP ilə seçki blokunda getməyəcək.

"AXCP-nin Müsavatla, DUİ ilə birləşməsində uğurlar diləyirik. Arzu edirik, onlar o dərəcədə sıx birləşsinlər ki, bir daha parçalanmasınlar. AXCP sədri Əli Kərimliyə dəfələrlə "Azadlıq" blokunun liderləri tərəfindən - Lalə-Şövkət və Əli Əliyev tərəfindən bildirilib ki, AXCP-nin Müsavatla əməkdaşlıq edilməsinə heç bir maneçilik törətməyəcək. Çox şadıq ki, AXCP özü kiminlə istəyir, onunla da əməkdaşlıq qurur", - ALP rəsmisi bildirib.

Xəbər lenti

Xəbər lenti