Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir T.Hacıyev/
Yeni Azərbaycan Partiyası ABŞ-ın və digər Qərb dövlətlərinin seçki texnologiyalarından geniş istifadə edir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi YAP icra katibinin müavini, Milli Məclisin deputatı Səyavuş Novruzov YAP-ın internet-saytına açıqlamasında bildirib.
"Biz seçki prosesinə seçkiyə rəsmi start veriləndən deyil, ondan xeyli əvvəl başlayırıq. Yəni rəsmi start verilən zaman biz kampaniya dövründə bütün mərhələlərə hazır vəziyyətdə olacağıq. Bu da qələbəmizi şərtləndirən amillərdən biridir", - Novruzov əlavə edib.
Azərbaycanda Parlament seçkilərinin 2010-cu il noyabr ayının 7-də keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.
Novruzov qeyd edib ki, YAP Parlament seçkilərinə hazırlığı uğurla davam etdirir: "Azərbaycanda Parlament seçkiləri öncəsi ictimai-siyasi vəziyyət normaldır. Dövlət tərəfindən seçkilərin azad və şəffaf keçirilməsi üçün lazımi addımlar atılır", - Novruzov deyib.
Yeni Azərbaycan Partiyası (YAP) 1992-ci ilin noyabr ayında təsis edilib və partiyanın ilk sədri Heydər Əliyev seçilib. 1992-ci il dekabr ayının 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınıb. 1993-cü il oktyabr ayının 3-də YAP-ın sədri Heydər Əliyev prezident seçilib. 2003-cü ilin dekabr ayında partiya sədri Heydər Əliyevin vəfatından sonra, partiyanın sədri vəzifəsini Prezident İlham Əliyev icra edib. Partiyanın 2005-ci ilin martında keçirilən III qurultayında partiyanın sədri İlham Əliyev seçilib.