Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir T.Hacıyev/
Azərbaycanın müxalif Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) qurultay keçirməyə hazırlaşır. Bu barədə cümə axşamı Trend-ə KXCP-nin təşkilat şöbəsinin müdiri Xəzər Teyyub bildirib.
"Hazırda partiyanın rayon və şəhər təşkilatlarında konfranslar keçirilir. Konfranslar yekunlaşdıqdan sonra qurultayın vaxtı barədə dəqiq məlumat veriləcək. Cari ilin sonuna qədər qurultayın keçirilməsi nəzərdə tutulur", - Teyyub əlavə edib.
Azərbaycan Xalq Cəbhəsi Azərbaycan Milli Azadlıq Hərəkatı zamanı gizli şəkildə 1989-cu ildə təsis olunub. Partiya kimi 1995-ci ildə qeydiyyatdan keçib. 2000-ci ilin avqust ayında partiya sədri Əbülfəz Elçibəyin vəfatından sonra ideoloji səbəblərdən partiya iki hissəyə - Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) qollarına bölünüb.
Partiya rəsmisi qurultayda müzakirə olunacaq məsələlərdən də danışıb.
"Nizamnaməyə uyğun olaraq, partiya sədri və partiya orqanlarının gördüyü işlər haqqında hesabatlar dinləniləcək. Bəzi sənədlərdə əlavə və dəyişiklik edilməsi müzakirəyə çıxarılacaq", - Teyyub deyib.