...

Qazaxıstanın Azərbaycandakı səfiri Tovuz rayonuna səfər edib (FOTO)

Siyasət Materials 10 Avqust 2010 13:06 (UTC +04:00)
Millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serik Primbetov Tovuz rayonuna səfər edib.
Qazaxıstanın Azərbaycandakı səfiri Tovuz rayonuna səfər edib (FOTO)

Azərbaycan, Gəncə, 10 avqust /Trend, müxbir V.Məmmədov/

Millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serik Primbetov Tovuz rayonuna səfər edib.

Səfər zamanı diplomata ilk olaraq, Azərbaycan xəritəsi haqqında məlumat verilib, minilliklərboyu Azərbaycan ərazisinin hissə-hissə, zorla ayrılaraq qonşu ölkələrə birləşdirilməsini əks etdirən lövhə göstərilib.

Daha sonra diplomat rayonun Şəhidlər Xiyabanını ziyarət edib və rayon məscidində şəhidlərin ruhuna hörmət əlaməti olaraq Quran oxutdurub.

Görüş çərçivəsində Primbetov Tovuz rayonunun icra başçısı Tofiq Zeynalovla görüşüb. Səfirə rayonun coğrafi mövqeyi, strateji əhəmiyyəti, iqtisadiyyatı və turizm potensialı barədə məlumat verilib. İcra başçısı rayonun gün-gündən inkişaf etdiyini və müəyyən sahələrdə iş adamlarını qəbul etməyə hazır olduqlarını bildirib.

"Rayonumuzda kənd təsərrüfatı yüksək səviyyədə inkişaf edib. Biz Qazaxıstanla bu sahədə əməkdaşlıq etməyə hazırıq", - deyə T.Zeynalov bildirib.

Millət vəkili Qənirə Paşayeva isə qeyd edib ki, Qazaxıstan Azərbaycana dost ölkələrdən biridir və iki ölkə arasında əməkdaşlığı daha da genişləndirmək üçün Qazaxıstanın hər hansı bölgəsi ilə Tovuz rayonun qardaşlaşması vacib məsələdir. Səfir isə bu məsələni diqqətdə saxlayacağını bildirərək deyib ki, Qazaxıstanın Aktau şəhəri ilə Tovuz şəhərinin qardaşlaşması üzərində düşünmək lazımdır.

Paşayeva bildirib ki, Qazaxıstan - Azərbaycan dostluğunun nümunəsi olaraq, Tovuzda bir küçəyə "Qazaxıstan" adı veriləcək.

İcra başçısı ilə görüşdə səfirə saz hədiyyə verilib. Səfir də öz növbəsində, türklərin və Qazaxıstanın tarixini əks etdirən kitablar hədiyyə verib.

Paşayeva Qazaxıstanın Azərbaycandakı səfirinin Tovuza ilk səfər etdiyini də söyləyib. O qeyd edib ki, bu ölkənin səfirinin sərhəd kəndləri gəzərək vəziyyəti gözləri ilə görməsi çox əhəmiyyətlidir.

"Cənab səfir sərhəd kəndlərdə yaşayanların ağır şəraitlərini gözləri ilə gördü. Ermənilərin dinc əhalinin normal yaşayışını necə pozduqlarının şahidi oldu. Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü tanıyan və dəstəkləyən ölkədir. İnanırıq ki, Qazaxıstan ATƏT-ə sədrlik etdiyi vaxt, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində daha fəal olacaq", - millət vəkili bildirib.

Qazaxıstanlı diplomatın səfəri Tovuzun sərhəd kəndlərinə baş çəkməsi ilə davam edib. Əlibəyli kəndinə gələn səfirə Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində, yararsız hala düşən yaşayış evi və məktəb binası göstərilib. Diplomata çatdırılıb

ki, Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin tez-tez pozulması nəticəsində, kənd sakinlərinin normal həyat fəaliyyəti pozulur, onlar əkin-biçinlə məşğul ola bilmirlər.

Səfir atışma zamanı yaralanan kənd sakinləri ilə söhbət edərək, onların üzləşdikləri dözülməz şərait barədə ətraflı məlumatlanıb. Daha sonra Ağdam kəndinə baş çəkilib. Paşayeva səfirə kəndin ermənilər tərəfindən dağıdılan qəbiristanlığı barədə məlumat verib. Bildirilib ki, kəndin qəbiristanlığı mütəmadi olaraq Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur. Nəticədə,  kənd sakinləri məzarlıqdan istifadə edə bilmirlər.

Səfir Ağdam kəndində olduğu zaman ermənilər sərhədboyu otlaqları yandırmışdılar. Diplomata məlumat verildi ki, yanğınlar nəticəsində ərazidə olan heyvanlar kəndlərə hücum edir və əhalinin normal yaşaması üçün çətinliklər yaranır.

Səfir Pribetov sərhəd kəndlərində ermənilərin törətdikləri yanğınlar, qəbiristanlığın dağıdılması, su kanalının qarşısının kəsilməsi kimi halların beynəlxalq prinsiplərə zidd olduğunu bildirib.

"Biz münaqişənin sülh yolu ilə həll olunmasını istəyirik. Minsk qrupu bu sahədə ciddi iş aparır. Qazaxıstan ATƏT-in üzvü olaraq baş verənlərdən xəbərdardır və biz münaqişənin Madrid prinsipləri əsasında həllinin tərəfdarıyıq", - deyə diplomat bildirib.

Səfir, həmçinin, Tovuz rayonunun Göytəpə abidəsində aparılan arxeoloji qazıntılarla da tanış olub. Ona məlumat verilib ki, abidə eramızdan əvvəl 6-cı minilliyə aiddir və 3 ildir burada qazıntı işləri aparılır.

Diplomatın səfəri Heydər Əliyev muzeyi ilə tanışlıqla başa çatıb.

Xəbər lenti

Xəbər lenti