Prezident İlham Əliyev avqustun 12-də "Qusar-1" su-elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edib, - bu barədə AzərTAc Dövlət İnformasiya Agentliyi məlumat verib.
İnşaatçılar dövlətimizin başçısını hərarətlə qarşılayıblar.
"Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyev Prezident İlham Əliyevə məlumat verərək bildirib ki, dövlətimizin başçısı respublikada 2010-cu ili alternativ enerji mənbələrinin istifadəsi və ekologiyanın yaxşılaşdırılmasında kəskin dönüş ili elan edib. Prezident İlham Əliyevin 2009-cu il 16 noyabr tarixli Sərəncamı ilə kiçik su-elektrik stansiyalarının respublikada geniş tətbiq edilməsi məqsədilə xüsusi proqramların hazırlanması "Azərenerji" ASC-yə tapşırılıb.
Kiçik su-elektrik stansiyalarının tikintisi, bir tərəfdən, elektrik enerjisinin istehsalında yanacağa qənaət edilməsinə, digər tərəfdən, ətraf mühitin sağlamlaşdırılmasına imkan verir.
Layihənin əsas komponentləri haqqında dövlətimizin başçısına ətraflı məlumat verilib. Burayaxüsusi su hovuzu, hər birinin uzunluğu 577 metr, diametri 900 millimetr olan 3 boru xətti, turbin zalı, ümumi gücü 1 mvt olan 3 hidroturbin və hidrogenerator, 10 kv-luq yarımstansiya və elektrik verilişi xətləri daxildir.
Tikintinin 2011-ci ilin ikinci yarısında başa çatdırılması nəzərdə tutulur. İnşaat işləri yerli "Azenco" şirkəti tərəfindən həyata keçiriləcək.
Layihənin icrası nəticəsində Qusar rayonunun Urva kəndi yaxınlığında inşa edilən su- elektrik stansiyasında ildə 7 milyon kilovatt/saat elektrik enerjisi istehsal olunacaqdır.
Prezident İlham Əliyev gilizi təmələ buraxıb, beton qarışığı töküb.
Dövlətimizin başçısı inşaatçıları və energetikləri təbrik edib, onlara tapşırıq və tövsiyələrini verib.