...

Türkiyə Prezidenti onun üçün ayrılmış iqamətgahda Azərbaycanın Baş nazirini qəbul edib

Siyasət Materials 17 Avqust 2010 13:56 (UTC +04:00)

Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Abdullah Gül avqustun 17-də onun üçün ayrılmış iqamətgahda Baş nazir Artur Rasizadəni qəbul edib, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Türkiyə Prezidenti Abdullah Gül qardaş ölkələrimiz arasında əlaqələrin ən yüksək səviyyədə olduğunu, Azərbaycanın sürətli inkişafından məmnunluğunu bildirərək, ikitərəfli münasibətlərin siyasi, təhlükəsizlik, iqtisadi və mədəni sahələrdə get-gedə inkişaf etdiyini söyləyib. Bu münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Görüşdə Qafqazın sabitliyi və təhlükəsizliyi üçün Türkiyənin həyata keçirdiyi tədbirlər yüksək qiymətləndirilib. Türkiyə Prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyini, ölkəsinin bu məsələdə daim Azərbaycanın yanında olduğunu vurğulayıb.

Baş nazir Artur Rasizadə əmin olduğunu bildirib ki, Türkiyə Prezidentinin bu səfəri hər iki ölkə xalqlarının rifahı naminə qarşılıqlı faydalı işgüzar əlaqələrin genişləndirilməsinə xidmət edəcək.

Qeyd olunub ki, səfər nəticəsində əldə edilmiş razılaşmalar Türkiyə ilə Azərbaycan arasında dostluq-qardaşlıq münasibətlərinin daha da inkişafı üçün çox mühüm rol oynayacaq.

Xəbər lenti

Xəbər lenti