...

Türkiyə Prezidenti Azərbaycana rəsmi səfəri çərçivəsində Təzəpir məscidində olub

Siyasət Materials 17 Avqust 2010 14:47 (UTC +04:00)
Türkiyə Prezidenti Abdullah Gül avqustun 17-də Azərbaycana rəsmi səfəri çərçivəsində Təzəpir məscid-kompleksində olub.
Türkiyə Prezidenti Azərbaycana rəsmi səfəri çərçivəsində Təzəpir məscidində olub

Türkiyə Prezidenti Abdullah Gül avqustun 17-də Azərbaycana rəsmi səfəri çərçivəsində Təzəpir məscid-kompleksində olub, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Ali qonağı Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə qarşılayıb.
Prezident Abdullah Gül Təzəpir məscid-kompleksi ilə tanış olub. Məlumat verilib ki, Prezident İlham Əliyevin göstərişi əsasında 2005-ci ildə məscidin bərpası və ətraf ərazilərin yenidən qurulması layihəsi hazırlanıb, burada onun ilkin görkəminə qaytarılması məqsədi ilə əzəli memarlığına xələl gətirməyən elementlərin əlavə edilməsi əksini tapıb. Məscidin bərpasında Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq oriyentalistikasının nadir nümunələrindən istifadə olunub.

Təzəpir məscidinin tamamlayıcı dekorativ elementlərinin üstü, minarələrin başı və kəmərbənd yazıları ən yüksək əyarlı qızıl lövhələrdəndir. Yuxarı hissədə "La İlahə-İlləllah" kəlməsi 6 dəfə təkrar olunmuş günbəzin tən ortasında Qurani-Kərimdən "Nas", dairələrdə "Ayətül-kürsü", kiçik günbəzlərdə isə "Həmd" surələri həkk edilib.
Türkiyə dövlətinin başçısına 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusu tərəfindən Bakının erməni-daşnak işğalından azad edilməsi, həmin ordunun komandanı general Nuru Paşanın sentyabrın 16-da - Qurban Bayramı günü bu məscidə gələrək, minbərdən yerli əhalini salamlaması haqqında da ətraflı məlumat verilib. Bildirilib ki, həmin çıxışında Bakının xilası münasibətilə yerli əhalini təbrik edən Nuru Paşa həlak olmuş türk əsgərlərinin qanının azərbaycanlıların qanı ilə qarışmasının tarixi əhəmiyyətini vurğulayıb.

Sonra Prezident Abdullah Gülə kompleksə daxil olan Bakı İslam Universitetinin tədris korpusu haqqında məlumat verilib. Bildirilib ki, korpusun hər mərtəbəsində 10 sinif otağı olmaqla, 250 tələbənin təhsil alması üçün hər cür şərait yaradılıb.

Türkiyə Prezidenti kompleksdə Qafqaz Müsəlmanları İdarəsinin kitabxanası ilə tanış olub. Kitabxanadakı 6 min nüsxə nadir əlyazma haqqında ali qonağa ətraflı məlumat verilib. Qeyd olunub ki, kitabxananın bir hissəsində dini verilişlərin hazırlanması üçün mini-studiya yerləşir.
Prezident Abdullah Gül burada nümayiş olunan qədim kitablara, Təzəpir məscidi haqqında CD-lərə baxıb, fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Ali qonağa xatirə hədiyyələri təqdim olunub.

Xəbər lenti

Xəbər lenti