...

Azərbaycanda yeni müxalifət blokunun yaradılması prosesi ləngiyir

Siyasət Materials 21 Avqust 2010 11:34 (UTC +04:00)
Azərbaycanın müxalif Demokrat (ADP), Liberal (ALP), Vətəndaş və İnkişaf (VİP) partiyalarının birgə yaradacağı seçki bloku məsələsində hələ də razılıq əldə etmək mümkün olmayıb.
Azərbaycanda yeni müxalifət blokunun yaradılması prosesi ləngiyir

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Demokrat (ADP), Liberal (ALP), Vətəndaş və İnkişaf (VİP) partiyalarının birgə yaradacağı seçki bloku məsələsində hələ də razılıq əldə etmək mümkün olmayıb.

"Seçki bloku yaradılması prosesi bir qədər ləngiyir. Hazırda təşkilati işlərlə məşğul oluruq. Hələ də nəticə əldə edə bilməmişik. Nəticə əldə edilən kimi, blok elan olunacaq". Bu barədə şənbə günü Trend-ə VİP sədri Əli Əliyev bildirib.

"Azadlıq" bloku 2005-ci ildə yaradılıb. Blokda üç müxalifət partiyası - Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal (ALP), Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunub. İyulun 13-də "Azadlıq" blokuna daxil olan AXCP-nin Müsavat Partiyası ilə seçki blokunun yaradılması haqqında qərar verməsi xəbəri yayıldıqdan sonra, bloka daxil olan digər partiyalar blokun fəaliyyətinin dayandığını elan ediblər. Hazırda VİP və ALP-nin birgə iştirakı ilə "Azadlıq" blokuna alternativ yeni blokun yaradılması istiqamətində fəaliyyət həyata keçirilir.

Bundan öncə Trend-ə ADP sədri Sərdar Cəlaloğlu və Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev də bu bloka qoşulacaqlarını deyiblər. VİP sədri Əliyev bazar ertəsi Trend-ə açıqlamasında bu həftə ərzində blokun elan olunacağını bildirmişdi.

ADP sədri Cəlaloğlu Trend-ə bildirib ki, onun rəhbərlik etdiyi partiya tərəfindən heç bir problem yaradılmayıb.

"Bizə dünənə konkret cavab veriləcəyi bildirilmişdi. Biz dünən də gözlədik. Bu gün də gözləyirik. Biz bütün məsələlərdə razılaşmışıq. İndi ALP və VİP-dən cavab gözləyirik", - Cəlaloğlu əlavə edib.

ADP sədri blok yaradılmasını ləngidən səbəblər barədə fikrini bildirib.

"Blok yaratmaq "2+2" demək deyil. Bu, ayrı-ayrı insanlar və maraqların toqquşması və müəyyən kompromisə getmək deməkdir. Bütün məsələlərdə uzlaşmaq lazımdır", - Cəlaloğlu deyib.

Məsələ ilə bağlı ALP sədri Əvəz Temirxanın cavabı qısa olub.

"Bu günlərdə nəticə olmalıdır".

Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin noyabr ayının 7-də keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti