...

Azərbaycanın daxili işlər naziri İraqın ölkəmizdəki səfirini qəbul edib

Siyasət Materials 25 Avqust 2010 17:27 (UTC +04:00)
Azərbaycan nəinki MDB, eləcə də Şərqi Avropa məkanında əhalinin hər yüz min nəfərinə düşən cinayətlərin sayına görə sonuncu yerlərdən birini tutur.
Azərbaycanın daxili işlər naziri İraqın ölkəmizdəki səfirini qəbul edib

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycan nəinki MDB, eləcə də Şərqi Avropa məkanında əhalinin hər yüz min nəfərinə düşən cinayətlərin sayına görə sonuncu yerlərdən birini tutur. Kriminogen durumun tam nəzarətə götürülməsi, sabitliyin bərpası ilk növbədə vətəndaşlarımızın, həmçinin əcnəbilərin təhlükəsiz, əmin-amanlıq şəraitində yaşayıb fəaliyyət göstərmələrinə, külli miqdarda xarici sərmayənin Azərbaycan iqtisadiyyatına qoyulmasına əlverişli şərait yaradıb. Trend-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadə verdiyi məlumata görə, bu barədə daxili işlər naziri, polis general-polkovniki Ramil Usubov İraqın Azərbaycandakı səfiri Heydər Şiyə Qubeyşi əl-Barrak ilə görüşü zamanı bildirib.

"Qlobal xarakter almış beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qeyri-qanuni miqrasiya kimi təhlükəli bəlalara qarşı birgə mübarizə aparılması zəruridir", - Usubov əlavə edib.

General Usubov ölkəmizin antiterror koalisiyasının fəal üzvlərindən biri olduğunu da xatırladıb. DİN rəhbəri müasir tarixin ən həlledici dövrünü yaşayan dost İraq xalqına və dövlətinə tezliklə möhkəm sülh və əmin-amanlıq arzulayıb.

İraq səfiri də öz növbəsində səmimi qəbula, ətraflı məlumata görə minnətdarlığını bildirib. Səfir ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin qədim tarixə malik olduğunu, İraq polisinin öz azərbaycanlı həmkarlarının təcrübəsindən öyrənməsinin çox faydalı ola biləcəyini, iki dövlətin müvafiq strukturları arasında əlaqələrin yaradılmasını və genişlənməsini nəzərdə tutan niyyət protokolunun imzalanmasının əhəmiyyətini qeyd edib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti