...

Azərbaycan İtaliya üçün böyük maraq doğurur - səfirin müsahibəsi

Siyasət Materials 2 Sentyabr 2010 09:00 (UTC +04:00)
Trend-in Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Emil Kərimovla müsahibəsi
Azərbaycan İtaliya üçün böyük maraq doğurur - səfirin müsahibəsi

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir S.Ağayeva/

Trend-in Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Emil Kərimovla müsahibəsi

- Siz İtaliya ilə Azərbaycan arasında siyasi və iqtisadi əməkdaşlığın hazırkı səviyyəsini və perspektivlərini necə qiymətləndirirsiniz? Bu əməkdaşlıq nə dərəcədə mövcud potensiala uyğundur?

- Azərbaycanla İtaliya arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya iki dəfə - 2005-ci ilin fevralında və 2008-ci ilin noyabrında səfər edib, rəsmi səfərlər zamanı bir sıra hökumətlərarası sənədlər imzalanıb.

İndi biz İtaliyanın Baş naziri Silvio Berluskoninin Azərbaycana cavab səfərini gözləyirik. İki ilə yaxındır ki, bu məsələlər üzərində işləyir, Baş nazirin ofisi ilə əlaqədəyik. Və bu yaxınlarda ofisdən bizə bildirdilər ki, hökumət başçısı Azərbaycana böyük maraq göstərir və ölkəmizə səfər etməyi arzulayır. Düşünürəm, gələn il biz səfəri təşkil edə biləcəyik.

Bundan başqa, son vaxtlar azərbaycanlı nazirlərin İtaliyaya bir sıra səfərləri həyata keçirilib. Bu il Azərbaycan XİN başçısı Elmar Məmmədyarov Romaya səfər edib. Hazırda onun italiyalı həmkarı Franko Frattininin Azərbaycana cavab səfəri gündəmdədir.

İki ölkə arasında parlamentlərarası əlaqələr də yüksək səviyyədədir. Bu il Azərbaycan Parlamentinin spikeri Oqtay Əsədovun İtaliyaya səfəri baş tutub.

Əlaqələrin inkişafının daha bir göstəricisi olan faktlardan İtaliyada səfirliklə yanaşı, Genuya şəhərində fəxri konsulluğun da fəaliyyət göstərməsini misal gətirmək mümkündür. İtaliyanın Azərbaycandakı keçmiş səfiri Marqarita Kosta fəxri konsul təyin edilib. O, çox fəal işləyir və İtaliyada Azərbaycanı təbliğ etməyə çalışır.

Qeyd etmək vacibdir ki, İtaliya hökuməti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ ətrafında Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır.

İqtisadi aspektdə İtaliya Azərbaycanın ilk ticarət tərəfdaşlarından biridir. Azərbaycanın İtaliyaya ixrac etdiyi əsas məhsul neft və neft məhsullarıdır. Bununla yanaşı, İtaliya hökuməti Azərbaycanın təbii qazına böyük maraq göstərir. Bununla əlaqədar, son vaxtlar İtaliya hökumət nümayəndələrinin Bakıya bir neçə səfəri həyata keçirilib, danışıqlar aparılıb. Bununla yanaşı, qeyd etmək istərdim ki, İtaliya üçün Azərbaycanın qeyri-neft sektorunda əməkdaşlığın inkişafı çox vacibdir. Bu mənada, İtaliyanın çox böyük potensialı və təcrübəsi var. İtaliya iqtisadiyyatı bizim üçün vacib kiçik və orta biznesin inkişafı üzərində qurulub.

Qeyri-neft sektoruna gəldikdə, məlumdur ki, İtaliya özünün yüngül sənayesi, kənd təsərrüfatı, turizm inşaatı ilə məşhurdur; bunların hamısı bizim ölkəmiz üçün də mühümdür və bu sahələrdə əlaqələr fəal inkişaf edir.

İki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya fəaliyyət göstərir. Komissiyanın ilk iclası 2006-cı ildə keçirilib. Hazırda komissiyanın növbəti iclasının Romada keçirilməsi üzərində çalışırıq. Hökumətlərarası komissiyanın həmsədrləri - İtaliya tərəfdən xarici işlər nazirinin müavini Alfredo Montika, Azərbaycan tərəfdən isə sənaye və energetika naziri Natiq Əliyevdir.

Bugünədək iki ölkə hökumətləri, nazirlikləri və idarələri arasında 30-dan artıq sənəd imzalanıb. Bu mərhələdə səhiyyə, iqtisadiyyat, hüquq-mühafizə orqanları kimi mühüm sahələri əhatə edən daha bir neçə ikitərəfli sənədlərin layihələri işlənmə mərhələsindədir.

- Azərbaycan ticarət tərəfədaşı kimi, İtaliyaya nə təklif etməyə hazırdır? Yeni iqtisadi layihələrə təşəbbüs göstərilməsi ilə bağlı planlar varmı?

- Azərbaycan bu gün İtaliyaya, hər şeydən əvvəl, qeyri-enerji sektorunda əməkdaşlığın müxtəlif variantlarını təklif edə bilər. Bu, kənd təsərrüfatı, yüngül sənaye, turizm, eləcə də inşaat ola bilər. İtaliyada bu sahələrdə böyük təcrübə var. Bu istiqamətlərdə danışıqlar aparılır, iki ölkənin bir-birinə təklif etdiyi layihələr qiymətləndirilir.

- İtaliya və Azərbaycan arasında mədəni və sosial əlaqələri necə görürsünüz? Hər hansı mövcud və ya işlənib-hazırlanma mərhələsində olan mədəni və təhsil layihələrini göstərə bilərsinizmi?

- İki ölkə arasında mədəni əməkdaşlıq uğurla inkişaf edir. Ölkənin siyasət və iqtisadiyyatı dəyişə bilər, lakin mədəniyyət hər bir ölkənin irsidir. Buna görə də ölkələrimiz arasında mədəni əlaqələr çox vacibdir. Bu istiqamətdə həm Azərbaycan və İtaliya səfirlikləri, həm də iki ölkənin hökumət və müvafiq nazirlikləri səviyyəsində fəal işlər gedir. Hər iki ölkədə dəfələrlə konsertlər və sərgilər keçirilib. Lakin bu münasibətləri daha da inkişaf etdirmək çox vacibdir. İtaliya böyük ölkədir, Azərbaycanı yalnız Romada deyil, eləcə də digər şəhər və regionlarda təbliğ etmək lazımdır. İtaliyada Azərbaycan mədəniyyətinə böyük maraq var. Son üç il ərzində Azərbaycana səyahət edən İtaliya turistlərinin sayı artıb. Ölkə işgüzar adamları da cəlb edir.

Həm mədəni əlaqələrin inkişafı, həm də Azərbaycan mədəniyyətinin İtaliyada təbliğatı Azərbaycanın bu ölkədəki səfirliyinin fəaliyyət istiqamətlərindən biridir.

- Aİ-nın enerji təhlükəsizliyinin mümkün təminatı, xüsusilə də Cənub enerji dəhlizinin müxtəlif marşrutları üzrə qaz tədarükü çərçivəsində Azərbaycanın rolunu necə qiymətləndirirsiniz?

- Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyi ilə təminatında böyük rol oynayır və son illər Aİ Azərbaycanın neft-qaz layihələrinə böyük maraq göstərir. İtaliya da Avropanın ayrılmaz hissəsi olaraq, Azərbaycan qazında maraqlıdır.

Bütövlükdə, Azərbaycanla İtaliya arasında ikitərəfli münasibətlər uğurla inkişaf edir. İtaliyanın rəsmi şəxsləri dəfələrlə bəyan ediblər ki, Azərbaycanın Avropa quruluşuna inteqrasiyasında istənilən köməyi göstərməyə və bu məsələdə öz təcrübələrini tətbiq etmək imkanını yaratmağa hazırdırlar.

- Emil müəllim, siz, həmçinin, Azərbaycanın Malta və San-Marinoda səfirisiniz. Azərbaycanın bu ölkələrlə hazırkı əməkdaşlıq səviyyəsini necə xarakterizə edərdiniz?

- Malta böyük ölkə olmasa da, Aİ-nin üzvüdür. Ölkənin əhalisi cəmi 400 min nəfərə yaxındır. Ölkə Azərbaycana böyük maraq göstərir. Bizim səfirlik 2006-cı ildən bəri Maltada fəaliyyət göstərir. Ölkələr arasında münasibətlər çox uğurla inkişaf edir. Hazırda danışıqlar masasında yaxın zamanda imzalanacaq yeddiyə yaxın saziş layihəsi var. Bu sazişlər iqtisadiyyat, turizm, həmçinin, iki ölkənin xarici işlər nazirlikləri və universitetləri arasında əməkdaşlıq sahələrini əhatə edir.

Yaxın gələcəkdə Maltanın xarici işlər nazirinin onun azərbaycanlı həmkarı Elmar Məmmədyarovun dəvəti ilə Azərbaycana səfəri gözlənilir. Bu, Malta nümayəndəsinin belə yüksək səviyyədə ilk rəsmi səfəri olacaq. Və biz hazırda bunun üzərində işləyirik.

Malta Universiteti yanında diplomatik akademiya fəaliyyət göstərir və hər il Azərbaycan XİN nümayəndəsi bu müəssisədə təlim kursu keçir. Maltada olduğum zaman Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazır olan akademiya rəhbərliyi ilə görüşmüşəm.

Biz səfirlik olaraq, Maltada bir neçə böyük tədbir keçirmişik.Onlardan biri Malta Prezidenti və ölkənin bütün rəhbərliklərinin iştirak etdiyi 28 May - Respublika Günü münasibətilə keçirilən təntənəli tədbir olub.

Bu yaxınlarda Maltanın Ticarət Palatası ilə birgə, Azərbaycan iqtisadiyyatının təqdimatını keçirmişik. Yaxın gələcəkdə Malta iş adamlarının Azərbaycana səfəri gözlənilir.

Azərbaycanın San-Marino ilə münasibətləri də uğurla inkişaf edir.

Gündəmdə iki ölkənin turizm əlaqələrinin inkişaf məsələsi dayanır. Hazırda yaxın gələcəkdə imzalanması planlaşdırılan turizm sahəsində əməkdaşlıq haqqında saziş layihəsi hazırlanıb.

Xəbər lenti

Xəbər lenti