Gürcüstan, Tbilisi, 8 sentyabr /Trend, müxbir N.Kirsxaliya/
Finlandiya Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü həmişə dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. Bu barədə Finlandiyanın xarici işlər naziri Aleksandr Stub Tbilisidə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2008-ci ilin avqustunda hərbi əməliyyatlar başlayandan iki gün sonra o və onun fransalı həmkarı Bernar Kuşner müharibəni dayandırmağa çalışıblar.
"Biz bu məqsədlə bir neçə dəfə Moskvada, Tbilisidə və Qoridə olmuşuq", - Stub bəyan edib.
Onun sözlərinə görə, Finlandiya Gürcüstanın Avropa İttifaqına inteqrasiyasını da dəstəkləyir və Aİ ilə Gürcüstan arasında viza rejiminin sadələşdirilməsi haqqında razılaşmanı alqışlayır.
"Ümid edirik, yaxın vaxtlarda Gürcüstan və Aİ arasında vizasız rejim qurulacaq. Gürcüstanın Avropa İttifaqına assosiativ üzvlüyü haqqında danışıqların başlanması da böyük əhəmiyyət kəsb edir. Azad ticarət haqqında danışıqlara başlamaq da vacibdir ki, bu, Gürcüstan və Aİ-ni yaxınlaşdıracaq", - deyə Stub vurğulayıb.