Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir T.Hacıyev/
Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə seçkilərlə bağlı deputatlığa namizədlər üçün "Yaddaş kitabçası" hazırlayaraq çap etdirib. Bu barədə şənbə günü Trend-ə MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib.
"Nəşrin hazırlanmasında məqsəd deputatlığa iddialı vətəndaşlara passiv seçki hüquqlarının reallaşdırılmasında yardımçı olmaqdır", - Sarıyev deyib.
Yaddaş kitabçasında deputatlığa namizədliyin irəli sürülməsi, seçici imzalarının toplanması, deputatlığa namizədliyin qeydə alınması üçün seçki sənədlərinin təqdim edilməsi, namizədliyin qeydə alınması qaydaları əks olunub, eyni zamanda, namizədlərin hüquq və vəzifələri izah edilib. Kitabçada namizədlərin riayət etməli olduğu, həmçinin onlara qanunla qadağan edilən məsələlər barədə ətraflı məlumatlar verilib.
Yaddaş kitabçası Seçki Məcəlləsinin və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.
Azərbaycanda parlament seçkiləri noyabr ayının 7-də keçiriləcək. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.