Azərbaycan, Bakı, 13 sentyabr /Trend/
Azərbaycanda səfərdə olan BMT baş katibinin xüsusi elçisi, Avropa İttifaqının uzunmüddətli inkişaf proqramının həmsədri, Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqa Muğam Mərkəzində olub.
Qonağı millət vəkilləri Qənirə Paşayeva və Gülər Əhmədova müşayiət ediblər. Xanım Vayra Vike-Freyberqaya məlumat verilib ki, Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı möhtəşəm layihələr sırasında xüsusi əhəmiyyəti olan bu mərkəzin inşası fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. 2005-ci il aprelin 6-da Prezident İlham Əliyev Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında sərəncam imzalamışdı. Beləliklə, xalqımızın qədim mədəni irsinin ölməz nümunəsi, Azərbaycan musiqisinin zəngin fəlsəfi təməl üzərində təşəkkül tapmasında əvəzsiz rol oynayan muğama möhtəşəm abidə ucaldılması istiqamətində ciddi addım atılıb. Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır.
Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada YUNESKO-nun Dünya irs siyahısına daxil edilməsi isə bütövlükdə onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir.
Qonağa Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın mədəniyyət və digər sahələrdə həyata keçirdiyi layihələr barədə də məlumat verilib.
Muğam Mərkəzində muğam ifaçılarının ifalarını dinləyən xanım Vayra Vike-Freyberqa bu gözəl musiqiyə heyran qaldığını və konsertdən böyük zövq aldığını deyib. Azərbaycanın musiqi alətləri olan tar və kamanla maraqlanan qonağa muğam musiqisi ilə bağlı məlumatlar verilib. Muğam ifaçılarını təbrik edən və onlarla söhbət edən qonaq onlarla və mərkəzin kollektivi ilə şəkil çəkdirib və mərkəzi çox bəyəndiyini vurğulayıb.