Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycanda səfərdə olan BMT-nin baş katibinin xüsusi elçisi, Avropa İttifaqının Uzunmüddətli İnkişaf Proqramının həmsədri, Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqa çərşənbə axşamı Azərbaycan Diplomatik Akademiyasında (ADA) Avropa İttifaqına inteqrasiya mövzusunda məruzə ilə çıxış edib.
ADA-dan Trend-ə bildiriblər ki, Vayra Vike-Freyberqa Latviyanın Avropa İttifaqına inteqrasiyası və ölkənin qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılması üçün hökumətin gördüyü işlər barədə ətraflı məlumat verib.
Sabiq Prezident qeyd edib ki, Latviyanın Avropa İttifaqına inteqrasiyası üçün onlarca qanuna, hətta ölkənin Konstitusiyasının bəzi maddələrinə dəyişikliklər edilib.
Avropa İttifaqının xarici siyasətinə toxunan xüsusi elçi deyib ki, burada qurumun üzvü olan bütün ölkələrin vahid mövqedən çıxış etmələri vacibdir.