Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir S.Ağayeva/
Maltanın nüfuzlu "The Commercial Courier" jurnalı ölkənin biznes ictimaiyyətini Azərbaycana sərmayə qoymağa çağırıb.
Azərbaycanın iqamətgahı Romada yerləşən Maltadakı səfirliyinin yardımı ilə ölkənin nüfuzlu "The Commercial Courier" jurnalı Azərbaycan haqqında məqalə dərc edib.
Məqalədə Azərbaycanın iqtisadi potensialı, işgüzar atmosferi, ölkənin investisiya imkanları əks olunub. Bu barədə Trend-ə çərşənbə günü Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat verilib.
Məqalədə Azərbaycan sabit və cəlbedici iqtisadiyyata, regionda enerji resurslarına malik aparıcı oyunçu, Avropanın enerji təhlükəsizliyi missiyasını üzərinə götürən ölkə kimi təqdim edilib.
Məqalənin ayrı-ayrı bölmələri ölkə iqtisadiyyatına və onun investisiya imkanlarına həsr olunub.
Jurnal yazır ki, Azərbaycan öz siyasəti və iqtisadiyyatı sayəsində Cənubi Qafqaz regionunda ən iri ölkə olaraq qalır. Məqalədə bildirilir ki, dünya iqtisadi böhranına baxmayaraq, Azərbaycan iqtisadiyyatı son dərəcə davamlı olaraq qalır.
"Ölkə iqtisadiyyatında neft və qaz üstünlük təşkil edir. Statistik məlumatlar göstərir ki, 2009-cu ildə ölkədə 19 milyon ton neft istehsal olunub, bu artım 2010-cu ildə də qalıb. 2008-ci ildə Azərbaycandan təbii qaz Avropa bazarına çatıb", - məqalədə bildirilir.
Məqalədə göstərilir ki, ölkədə energetika sektorunun ardınca İKT sektoru da uğurla inkişaf edir və bu tendensiya davam edir.
Jurnal Azərbaycanda iqtisadi artımın əsas səbəbini ölkə rəhbərliyinin iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş ağıllı siyasətində, iqtisadiyyatın bütün sahələrində əlverişli investisiya imkanlarının yaradılmasında görür.
"Azərbaycan investisiya və ticarət münasibətləri üçün özünə əla ad qazanıb və ölkə beynəlxalq ticarət sisteminə tam inteqrasiya istiqamətində hərəkət edir, bir sıra ölkələrlə ticarət əlaqələri fəal şəkildə inkişaf edir", - jurnal qeyd edir.
"Azərbaycan əməkdaşlıq üçün öz cəlbediciliyini tədricən dünyaya sübut edib", - jurnal Azərbaycanın İtaliya və Maltadakı fövqəladə və səlahiyyətli səfiri Emil Kərimovdan sitat gətirir.
Azərbaycanlı diplomat Maltanın iş adamlarını Azərbaycan ilə əməkdaşlığa çağırır. "Azərbaycan Maltanın biznes ictimaiyyətinə investisiyalar üçün nəhəng potensial təklif edir", - Emil Kərimov qeyd edir.