...

Azərbaycanın etirazına əsasən qondarma "DQR" "baş prokuroru"nun Beynəlxalq Prokurorlar Assosiasiyasına üzvlüyünün qarşısı alınıb

Siyasət Materials 17 Sentyabr 2010 16:35 (UTC +04:00)
Qondarma "Dağlıq Qarabağ respublikası" "baş prokuroru"nun Beynəlxalq Prokurorlar Assosiasiyasının fərdi üzvlüyünə qəbul edilməsi ilə bağlı məsələ Azərbaycan tərəfinin qəti etirazına əsasən gündəlikdən çıxarılıb.
Azərbaycanın etirazına əsasən qondarma "DQR" "baş prokuroru"nun Beynəlxalq Prokurorlar Assosiasiyasına üzvlüyünün qarşısı alınıb

Azərbaycan, Bakı 17 sentyabr /Trend, müxbir M.Əliyev/

Qondarma "Dağlıq Qarabağ respublikası" "baş prokuroru"nun Beynəlxalq Prokurorlar Assosiasiyasının fərdi üzvlüyünə qəbul edilməsi ilə bağlı məsələ Azərbaycan tərəfinin qəti etirazına əsasən gündəlikdən çıxarılıb. Bu barədə cümə günü Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Qondarma "Dağlıq Qarabağ respublikası" "baş prokuroru"nun Assosiasiyanın fərdi üzvlüyünə qəbul edilməsi ilə bağlı məsələ Azərbaycan tərəfinin qəti etirazına əsasən İcraiyyə Komitəsinin gündəliyinə çıxarılıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair xüsusi hazırlanmış BMT,  ATƏT, Avropa Şurası və Avropa İttifaqının qətnamə və digər rəsmi sənədlərindən ibarət toplu Komitə üzvləri arasında yayılıb. Nümayəndə heyətimizin rəhbəri tərəfindən Azərbaycanın haqlı mövqeyi barədə geniş məlumat verilib və müzakirələr nəticəsində milli maraqlarımıza uyğun qərar qəbul olunub", - məlumatda deyilib.

Sentyabrın 4-dən 10-dək Niderlandın Haaqa şəhərində bütün qitələrdən olan 400-dən cox nümayəndənin, o cümlədən prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq-mühafizə organlarının rəhbər şəxslərinin iştirakı ilə Assosiasiyanın 15-ci illik konfransı, ümumi yığıncağı və İcraiyyə Komitəsinin iclası keçirilib.

Tədbirdə Azərbaycanı ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun rəhbərlik etdiyi, Ədliyyə Nazirliyinin və Baş Prokurorluğun əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib.

Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik olan və 100-dən çox dövləti birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyası ilə səmərəli əməkdaşlıq edərək, uzun illər təşkilatın rəhbər orqanı - İcraiyyə Komitəsində təmsil olunur.

Dünyada nüfuzu getdikcə artan Assosiyasiyanın rəhbər orqanında Azərbaycanın təmsil olunmasının əhəmiyyəti və böyük imkanlar verdiyi nəzərə alınaraq, Komitədə Avropa qitəsi üçün nəzərdə tutulmuş yerə ölkəmizdən də namizəd irəli sürülüb. Gərgin rəqabət şəraitində keçən seçkilər nəticəsində məhz Azərbaycanın namizədi - Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev Assosiasiyasının ümumi yığıncağında İcraiyyə Komitəsinin üzvü seçilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti