Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycanın Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı-Sumqayıt avtomobil yolunda partladılmamış qumbaranı zərərsizləşdirib.
FHN-nin rəsmi internet-saytının şənbə günü yaydığı məlumata görə, Abşeron rayonu ərazisində, Bakı-Sumqayıt avtomobil yolunun 16-cı kilometrliyində döyüş sursatının aşkarlanması barədə məlumat daxil olub.
Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib. Hadisə yerinə baxış keçirilərkən aşkarlanmış sursatın korroziyaya uğramış və bu səbəbdən daşınması mümkün olmayan "F-1" tipli 1 ədəd əl qumbarası olduğu müəyyən edilib.
Xilasedicilər hadisə yerinə toplaşmış insanları təhlükəsiz məsafəyə uzaqlaşdırıb və aşkarlanmış qumbara nazirliyin mütəxəssisləri tərəfindən təhlükəsiz vəziyyətə salınıb.