Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycanda yerli icra hakimiyyətlərinin seçkilər prosesinə qanunsuz müdaxiləsinin qarşısının alınması məsələsində müsbət irəliləyiş müşahidə olunur. Bu barədə ATƏT-in Bakı Ofisinin rəhbəri Əli Bilgə Cankorel bazar ertəsi "Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi" mövzusunda məlumat sessiyasında bildirib.
"Demokratiya İnstitutu bu sahədə Azərbaycanda irəliləyişin müşahidə olundunu qeyd edən məruzə dərc edib", - Cankorel bildirib.
Onun sözlərinə görə, builki parlament seçkiləri Azərbaycanın dünyaya seçkilər prosesində irəliləyiş nümayiş etdirməsi üçün daha bir şansdır.
Cankorel qeyd edib ki, bundanəvvəlki bələdiyyə seçkilərində icra hakimiyyətləri başçıları və dairə seçki komissiyalarının rəhbərləri tərəfindən seçki prosesinə müdaxilələrlə bağlı bir sıra faktlar müşahidə edilib. Qarşıdakı Parlament seçkilərində belə halların qarşısının tamamilə alınması vacibdir.
Qeyd edək ki, məlumat sessiyaları Prezident Administrasiyası (PA) və Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı, ATƏT-in Bakı Ofisinin təşəbbüsü ilə keçirilir. Məlumat sessiyalarında rayonların icra hakimiyyəti başçıları və dairə seçki komissiyaları sədrlərinin seçki prosesinə qanunsuz müdaxilələrinin yolverilməzliyi müzakirə edilir.
Sentyabrın 21-də Şirvanda, sentyabrın 22-də Mingəçevirdə, sentyabrın 24-də isə Naxçıvanda müvafiq bölgələrin rayon icra hakimiyyəti başçıları və DSK sədrləri üçün eynimövzulu məlumat sessiyaları təşkil olunacaq.
Azərbaycan Respublikası Milli Məclisinə seçkilər 2010-cu il noyabrın 7-nə təyin olunub.
Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabrında keçirilib. Azərbaycanda ölkənin qanunverici orqanına seçkilər 125 seçki dairəsində majoritar sistemdə aparılır.