...

TÜRK PA türk dövlətləri birliyinin nümunəsidir - Azərbaycan Parlamentinin Aparat rəhbəri

Siyasət Materials 20 Sentyabr 2010 12:44 (UTC +04:00)
Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRK PA) türk dövlətləri birliyinin bariz nümunəsidir.
TÜRK PA türk dövlətləri birliyinin nümunəsidir - Azərbaycan Parlamentinin Aparat rəhbəri

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir M.Əliyev/

Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRK PA) türk dövlətləri birliyinin bariz nümunəsidir, - Trend-in məlumatına görə, bunu bazar ertəsi Bakıda qurumun Parlament Aparatının rəhbərləri ilə görüşündə Milli Məclis İcra Aparatının rəhbəri Səfa Mirzəyev bildirib.

"Biz vaxtı ilə türk dövlətlərinin birliyini arzu edirdik. Artıq bu, reallığa çevrilib. TÜRK PA çərçivəsində əməkdaşlıqla yanaşı, türk dövlətləri arasında ikitərəfli əməkdaşlıq da gücləndirilməlidir", - Mirzəyev bildirib.

Bu gün Bakıda TÜRK PA aparat rəhbərlərinin görüşü keçirilib.

Azərbaycan Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Türkiyə Böyük Millət Məclisinin baş katibi Sadettin Kalkan və Qazaxıstan Senatı Aparatının rəhbərinin müavini Murat Nurtleuov xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Türkiyə Böyük Millət Məclisinin baş katibi Sadettin Kalkan deyib ki, türk dövlətlərinin inkişafı üçün bütün türk dövlətləri birgə çalışmalıdırlar.

Görüşdə Qazaxıstan Senatı Aparatı rəhbərinin müavini Murat Nurtleuov bildirib ki, TÜRK PA çərçivəsində əməkdaşlıq daha da gücləndirilməlidir.

29 sentyabr 2009-cu ildə Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRK PA) birinci plenar sessiyası keçirilib.

TÜRK PA sədrliyi rotasiya üsulu ilə - ingilis əlifbası üzrə ildə bir dəfə bir ölkədən digərinə keçir.

TÜRK PA Katibliyi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşən və beynəlxalq təşkilat statusuna malik qurumdur.

TÜRK PA-nın əsas məqsədləri parlamentlərarası əməkdaşlığın keyfiyyətcə yeni mərhələsi olan parlament diplomatiyası vasitələrinin köməyi ilə dövlətlər arasında siyasi dialoqun daha da inkişaf etdirilməsinə kömək göstərmək, tarix, mədəniyyət və dil ümumiliyinə əsaslanaraq, milli qanunvericiliklərin yaxınlaşdırılması və parlamentlərarası əməkdaşlığa dair digər məsələlərdə qarşılıqlı fəaliyyətin daha da sıxlaşdırılması, türkdilli ölkələr və digər region ölkələri arasında qarşılıqlı surətdə faydalı və bərabərhüquqlu əməkdaşlığın inkişaf etdirilməsinə kömək göstərmək və s.-dir.

Xəbər lenti

Xəbər lenti