Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir Ü.Sadıqova/
Danimarkada Məhəmməd Peyğəmbərin karikaturalarının yenidən dərc olunması qətiyyən söz azadlığını əks etdirmir. Ekspertlər belə qənaətdədirlər ki, o yalnız müsəlmanlarla avropalılar arasında parçalanmanı dərinləşdirir və Avropada islamafobiyanın getdikcə yayılmasına kömək edir.
Danimarkanın kitab mağazalarının piştaxtalarında bir neçə il əvvəl bütün dünyada kütləvi etiraz aksiyalarına səbəb olmuş Məhəmməd Peyğəmbərin karikaturalarının təkrar nəşr olunduğu kitab peyda olub.
Karikaturaları ilk dəfə çar edən "Jyllands-Posten" qəzetinin redaktoru Fleminq Rossenin "Sükutun istibdadı" (Tyranny of Silence) adlı kitabının nəşri karikatura qalmaqalının beş illiyinə həsr olunub.
O zaman Danimarka hökuməti müsəlmanların hisslərini təhqir etdiyinə görə üzr istəməkdən qətiyyətlə imtina etmişdi və "Məhəmmədin sifətləri" adı altında çap olunan karikaturaları ölkədəki söz azadlığının təzahürü adlandırmışdı.
"Danimarka qəzetində dərc olunan 12 karikatura rəssamın özünü ifadə etməsi azadlığı deyil, möminlərin hüquqlarına hörmətsizlikdir", - "Yəhudi" qəzeti Avropa Ravvinləri Şurasının sədri Pinxas Qoldşmidin dediklərindən sitat gətirir.
Ravvin Qoldşmid hesab edir ki, möminlərə hörmətsizlik və onların hisslərinə etinasızlıq 2005-ci ildə, demək olar, bütün Avropanı bürüyən karikatura qalmaqalı kimi insidentlərə gətirib çıxara bilər.
Danimarka qəzetinin ardınca Norveç, İsveç və bir sıra digər Avropa qəzetləri də karikaturaları təkrar çap etdi və bununla Avropada KİV-in tam azadlığa malik olduqlarını bəyan etdilər.
Bir sıra Avropa qəzetlərində karikaturaların dərc olunmasından sonra, Danimarka Səfirliyi hücumlara məruz qaldı. Karikaturalarla bağlı münaqişələrdə, ən azı, 50 adam həlak oldu.
"Fleminq Rossenin kitabı xalqlar və mədəniyyətlər arasında dini tolerantlığın yaxşılaşdırılması üçün heç nə etmir, əksinə, mövcud parçalanmanı daha da dərinləşdirir", - danimarkalı yazıçı və "Politiken" qəzetinin müxbiri Run Engelbert Larsen (Rune Engelbreth Larsen) elektron-poçtla Trend-ə bildirib.
Larsenin fikrincə, Məhəmməd Peyğəmbərin karikaturalarının "Jyllands Postens" qəzetində dərci Danimarka Xalq Partiyasının son 10 il ərzində həyata keçirdiyi antiislam siyasətin və müsəlmanları qaralamaq tendensiyasının güclənməsi ilə başa çatan təxribat aksiyası idi. Yazıçı hesab edir ki, "Karikaturaların çap olunmasına jurnalist kimi yanaşmaqla, təxribat yaratmaq arasında fərq var".
Avropadakı müsəlman icmalarının nümayəndələri hələlik Peyğəmbərin karikaturalarının yenidən çap olunmasını şərh etməyiblər. Kitabın işıq üzü görməsindən az əvvəl Danimarkanın xarici işlər naziri Lene Espersen krallıqda akkreditə olunmuş 17 müsəlman ölkəsinin səfirləri ilə görüşündə bəyan edib ki, Danimarkada söz azadlığının mövcud olmasına baxmayaraq, karikaturalarla bağlı epizod təəssüf doğurur.
İngilis dilində dərc olunan Rossanın kitabında 12 karikatura təkrar dərc olunub və Nyu-Yorkda 11 Sentyabr terror aktından bir neçə gün sonra, "Jyllands Postens"in 2001-ci il 30 sentyabr tarixli nömrəsinin ilk səhifəsi və 12 karikatura oxuculara təkrar təqdim olunub.
Kitabın müəllifi müsəlmanların Danimarka cəmiyyətinə inteqrasiyasının gücləndirilməsi cəhdi kimi əsaslandırdığı hərəkətlərindən peşman olmasa da, ekspertlər bunun tamamilə əksini düşünürlər.
İrqi ayrı-seçkiliyə qarşı Avropa Şəbəkəsi Məsləhət Şurasının sədri Başi Kurayşi (Bashy Quraishy) hesab edir ki, yaranan problem təkcə Danimarkaya aid deyil.
"Şəxsən mən hesab edirəm ki, nasistlərin dövründə olduğu kimi, vəziyyət yalnız pisləşəcək. İş azlıqlara aid olanda, Qərb ikili standartlar tətbiq edir və şəxsi etik mülahizələrə əl atır, sanki nə istəyirəm edirəm və heç kim şikayətlənməməlidir", - Müsəlman-Yəhudi Əməkdaşlıq Platformasının sədri Kurayşi elektron-poçtla Trend-ə bildirib.
Kurayşi güman edir ki, azlıqların hüquqlarının müdafiəsi və mənəvi məsuliyyət Avropada populist ideyalarla, seçkilərdə səs qazanmaq və mədəni hüdudsuzluqla qarışdırılıb.
Məhəmməd Peyğəmbərin karikaturalarının çap olunmasını müsəlmanlara qarşı siyasi kampaniya hesab edən Avropa Türk-İslam Birliyinin prezidenti Musa Sərdar Çələbi onunla razılaşır.
"Belə hərəkətlər adamların hisslərinə və insan haqlarına hörmətsizliyin əsl təzahürüdür və siyasi xarakter daşıyır, ona görə də bunu mətbuat azadlığı ilə ört-basdır etməyə dəyməz ", - Çələbi Trend-ə bildirib.
O hesab edir ki, karikaturaların çap edilməsi müsəlmanların Avropa cəmiyyətinə inteqrasiyası məsələsinə və Qərbdə islamın yayılmasına heç bir fayda verməyəcək.
"Nəticədə, islamafobiya Qərbdə getdikcə daha çox yayılır, mədəniyyətlər arasındakı uçurum isə yalnız artır", - o deyib. - "Problemin avropalıların islamla kifayət qədər tanış olmadıqlarında hesab etməyə səbəb yoxdur, kommunikasiyaları açıq və inkişaf etmiş Avropada bu, olmamalıdır".