...

ATƏT missiyası Azərbaycanda parlament seçkiləri zamanı 200 seçki məntəqəsində olub – DTİHB rəhbəri (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 7 Noyabr 2010 14:29 (UTC +04:00)
Son məlumata görə, ATƏT-in müşahidə missiyası 200 seçki məntəqəsinə baş çəkib. Bu barədə bazar günü Bakıda jurnalistlərə Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) rəhbəri Yanes Lenarçiç bildirib.
ATƏT missiyası Azərbaycanda parlament seçkiləri zamanı 200 seçki məntəqəsində olub – DTİHB rəhbəri (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir Т.Konyayeva/

Son məlumata görə, ATƏT-in müşahidə missiyası 200 seçki məntəqəsinə baş çəkib. Bu barədə bazar günü Bakıda jurnalistlərə Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) rəhbəri Yanes Lenarçiç bildirib.

"İndi heç nəyi şərh etməyəcəyik, əsas məlumatların toplanması davam etdirilir", - Lenarçiç deyib.

Onun sözlərinə görə, ATƏT DTİHB missiyası prosesinin qiymətləndirilməsi bütün müşahidəçilər öz hesabatlarını təqdim etdikdən sonra açıqlanacaq.

"400-dən çox müşahidəçi bütün Azərbaycan üzrə öz işini həyata keçirir. Müşahidə prosesinə seçki məntəqələrinin bağlanması, səslərin yekunu və məlumatların müşahidəsi daxildir. Toplanılacaq, öyrəniləcək və təhlil olunacaq bütün məlumatlar onların hesabatında olacaq və seçki prosesinin ümumi qiymətləndirilməsi üçün əsasını təşkil edəcək", - Lenarçiç deyib.

Onun sözlərinə görə, missiyanın hesabat blankları ətraflı şəkildə işlənib hazırlanıb və seçki prosesinin bütün mümkün tərəflərini nəzərdə tutur.

Lenarçiç həmçinin qeyd edib ki, qısamüddətli missiya ilə yanaşı sentyabrın sonundan Azərbaycanda seçkiqabağı dövrdə keçirilən kampaniyalar da daxil olmaqla onların KİV-də işıqlanması, seçki orqanlarının işi və qanunvericiliyə əməl olunması kimi prosesləri izləyən uzunmüddətli missiya fəaliyyət göstərir.

"Onların müşahidələrinin yekunlarına görə, ictimaiyyətə bütün seçkiqabağı dövrün qiymətləndirməsi daxil olan iki aralıq hesabat təqdim olunub. Bütün bunlar yekun qiymətləndirmələrimiz üçün əsasdır", - Lenarçiç qeyd edib.

Onun sözlərinə görə, ilkin hesabat noyabrın 8-i, bazar ertəsi mətbuat konfransında açıqlanacaq. İki aydan sonra isə Azərbaycan rəhbərliyi üçün tövsiyələrin daxil olduğu yekun hesabat təqdim olunacaq.

Lenarçiç vurğulayıb ki, fərdi fikir və rəylər nəzərə alınmır, yekun qiymətləndirmə isə yalnız ATƏT DTİHB-nin bütün nümayəndələrinin müşahidəsi əsasında verilə bilər.

"Mən sadəcə, nümayəndələrdən biriyəm və mənim müşahidələrim digər nümayəndələrimizin müşahidələri ilə eyni əhəmiyyətə malikdir. Bütün müşahidələrimiz əsasında ümumi təsvir yaratmaq olar, lakin bunun üçün nəticələri gözləməliyik", - Lenarçiç deyib. .

Azərbaycanda parlament seçkisi ilə bağlı səsvermə yerli vaxtla saat 08:00-da başlayıb.

MSK-nın rəsmi məlumatına görə, parlament seçkilərində 690 namizəd mübarizə aparır.

Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib.

Xəbər lenti

Xəbər lenti