...

Bakıda NATO - Azərbaycan əlaqələri müzakirə olunub

Siyasət Materials 11 Noyabr 2010 15:22 (UTC +04:00)
Bakıda NATO - Azərbaycan əlaqələri müzakirə olunub.
Bakıda NATO - Azərbaycan əlaqələri müzakirə olunub

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda NATO - Azərbaycan əlaqələri müzakirə olunub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin cümə axşamı yaydığı məlumata görə, Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev noyabrın 11-də NATO-nun Brunssumdakı (Hollandiya) Birləşmiş Qüvvələr Komandanlığının qərargah rəisi, general polkovnik Jouk Lambertus Nermanı qəbul edib.

Görüşdə NATO ilə Azərbaycan Respublikası arasında əlaqələr və Cənubi Qafqazda geosiyasi vəziyyət müzakirə olunub.

Azərbaycan və NATO arasında əməkdaşlığın əsası 1994-cü il mayın 4-də "Sülh naminə tərəfdaşlıq" proqramının - çərçivə sənədinin imzalanması ilə qoyulub.

1996-cı ilin aprelində "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində rəsmi sənəd imzalanıb. Adıçəkilən sənəd qarşılıqlı fəaliyyətin konkret istiqamətlərini müəyyən edib. Hazırda bu proqrama uyğun olaraq, Azərbaycan üzərinə düşən 50-yə yaxın tərəfdaş vəzifəni yerinə yetirir.

2005-ci ilin avqustunda Prezident İlham Əliyev "Azərbaycan Respublikasının NATO ilə fərdi tərəfdaşlığı üzrə Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Hazırda "Azərbaycan Respublikasının NATO ilə fərdi əməkdaşlığı üzrə Fəaliyyət Planı"nın ikinci mərhələsi həyata keçirilir.

Azərbaycan 1999-cu ilin sentyabrından etibarən sülhməramlı əməliyyatlarda iştirak edir. Azərbaycan hərbi qulluqçuları beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovo, Əfqanıstan və İraqda fəaliyyət göstəriblər. Hazırda Azərbaycanın hərbi kontingenti Əfqanıstandadır.

Xəbər lenti

Xəbər lenti