...

ABŞ insan haqları məsələsindən siyasi mənfəəti üçün istifadə edir - İran Prezidenti

Siyasət Materials 18 Noyabr 2010 11:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir T.Cəfərov/

İran Prezidenti bildirib ki, ABŞ-da 53 qadına ölüm cəzası verilib, amma heç kim bunu ədalətsiz adlandırmayıb. "Orada verilən hökmün qanuni olduğu deyilir, İranda belə hökm çıxarılanda isə insan haqlarının pozulması kimi qələmə verilir", - İran Prezidenti Mahmud Əhmədinejad Bakıda keçirdiyi mətbuat konfransında ölüm hökmünə məhkum olunmuş Səkinə Məhəmmədi Aştiani haqqında məhkəmə qərarının yerinə yetirilib-yetirilməyəcəyi barədə sualı cavablandırarkən deyib.

"Həmin qadının işinə məhkəmədə baxılır. İranda məhkəmə sistemi çox qanunidir. Cinayətkarlar vəkillə təmin olunur və 5 instansiyada onların cinayət işinə baxılır. Bu işin araşdırılmasında bir problem yoxdur", - Əhmədinejad əlavə edib.

O, bildirib ki, ABŞ insan haqları məsələsindən siyasi mənfəəti üçün istifadə edir. "Nə üçün orada edilən edamlarla bağlı heç kim səsini çıxarmır, İranda isə həyata keçirilməyən hökm ətrafında səs-küy qaldırılır?!", - Əhmədinejad deyib.

İran məhkəməsi iki uşaq anası, 43 yaşlı Səkinə Məhəmmədi Aştianini ilk dəfə 2006-cı ildə ailə sədaqətini pozmaqda ittiham edib və ona 99 çubuq cəzası verilib. Hökmün yerinə yetirilməsinə baxmayaraq, 2007-ci ildə məhkəmə yenidən cinayət işini qaldırıb və Aştiani daşqalaq yolu ilə ölüm cəzasına məhkum edilib.

Bu ilin sentyabrında Aştiani cinayət törətdiyinə görə dar ağacından asılmaqla ölüm cəzasına məhkum edilib və İranın baş prokuroru Qulam Hüseyn Möhsani Eceyin sözlərinə görə, bu hökm sədaqətsizliyə görə çıxarılan hökmdən daha üstündür.

Xəbər lenti

Xəbər lenti