...

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasında Əfqanıstan zabitləri üçün kurs keçirilib

Siyasət Materials 30 Noyabr 2010 17:11 (UTC +04:00)
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında Əfqanıstanın bir qrup yüksək rütbəli təhlükəsizlik zabiti üçün kurs keçirilib.
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasında Əfqanıstan zabitləri üçün kurs keçirilib

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında Əfqanıstanın bir qrup yüksək rütbəli təhlükəsizlik zabiti üçün kurs keçirilib. Bu barədə çərşənbə axşamı MTN-in İctimai əlaqələr mərkəzinin yaydığı məlumatda deyilir.

Əfqanıstana qeyri-hərbi sahədə yardımlar göstərilməsi ilə əlaqədar tədbirlər çərçivəsində təşkil olunan kurs "Müasir dövrdə terror təhdidləri və onlara qarşı mübarizə" mövzusuna həsr olunub və iki həftə davam edib.

Təlim prosesində Akademiyanın professor-müəllim heyəti və milli təhlükəsizlik orqanlarının təcrübəli əməkdaşları tərəfindən mühazirələr oxunub və praktiki məşğələlər keçirilib.

Kurs müddətində Əfqanıstanın təhlükəsizlik zabitlərinə Azərbaycan xalqının tarixi və mədəniyyəti, dövlət quruculuğunun inkişaf yolları və müasir mərhələsi barədə ətraflı məlumat verilib. Onlar üçün habelə Azərbaycan Tarix Muzeyinə, Şirvanşahlar Sarayına, Bibi Heybət məscidinə, Bakı şəhərinin digər görməli yerlərinə, Şamaxı və Lənkəran şəhərlərinə ekskursiya və səfərlər təşkil olunub.

Noyabrın 30-da tədrisin başa çatması ilə əlaqədar kurs iştirakçıları ilə görüş keçirilib.

Akademiya rəisi general-leytenant Ziya Yusifzadə Əfqanıstanın dövlət quruculuğu üçün vacib olan tarixi mərhələdə əfqan xalqına yardım göstərməyin xüsusi əhəmiyyətini qeyd edib.

Sonda Əfqanıstanın təhlükəsizlik zabitlərinə təlim-tədris kurslarını müvəffəqiyyətlə bitirmələri barədə müvafiq sertifikatlar təqdim olunub.

Xəbər lenti

Xəbər lenti