RED. əlavəsi: İlham Əliyevin Avstriya Prezidenti ilə görüşü əlavə olunub
Dekabrın 1-də Astanada Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün görüşü olub, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib və əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik bildirilib.
Türkiyə Prezidenti dövlət başçısını parlament seçkilərinin uğurla başa çatması münasibətilə təbrik edib.
Dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.
Bu gün Astanada Azərbaycan Prezidenti və Niderlandın Baş naziri Mark Ruttenin də görüşü keçirilib.
Görüşdə Azərbaycan ilə Niderland arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib, bu istiqamətdə müəyyən addımların atılmasına ehtiyac olduğu vurğulanıb. Bildirilib ki, səfirliklərin açılması ölkələrimiz arasında əməkdaşlığa töhfə verir.
Görüşdə Azərbaycan ilə Niderland arasında əməkdaşlığın Azərbaycan-Avropa İttifaqı əlaqələri baxımından əhəmiyyəti vurğulanıb.
Daha sonra İlham Əliyevin və Yunanıstanın Baş naziri George Papandreunun görüşü olub.
Azərbaycan ilə Yunanıstan arasında əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsinin aparıldığı görüşdə ölkələrimizin müxtəlif sahələrdə, xüsusilə enerji sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlərin olduğu qeyd edilib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsinə toxunulub. Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyindən danışıb.
Dekabrın 1-də Astanada Azərbaycan Prezidenti İlham Əliyevin və Avstraliyanın xarici işlər naziri Kevin Ruddun görüşü olub.
Kevin Rudd ölkəsinin Azərbaycan ilə həm ikitərəfli, həm də təhlükəsizlik, ekologiya və qlobal məsələlərdə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu dedi. O, Avstraliyada Azərbaycan icmasının olduğunu bildirdi.
Prezident İlham Əliyev dedi ki, Azərbaycan Avstraliya ilə əməkdaşlığı inkişaf etdirə bilər. Azərbaycanın son illər bütün sahələrdəki inkişafından danışan dövlətimizin başçısı dedi ki, Avstraliya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün hər cür şərait vardır.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsinə toxunuldu. Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyindən danışdı.
Dekabrın 1-də Astanada Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin görüşü olub.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığa söykənən əlaqələrin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. İqtisadi sahədə, o cümlədən ölkələrimizin birgə həyata keçirdikləri enerji layihələri, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə bağlı məsələlər müzakirə edildi.
Dövlət başçıları əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliklərini bildirdilər.
Bu gün Astanada Azərbaycan Prezidenti İlham Əliyevin və Sloveniya Prezidenti Danilo Türkün görüşü olub.
İkitərəfli münasibətlərin geniş müzakirə olunduğu görüşdə qeyd edildi ki, əlaqələrimizin genişləndirilməsi üçün yaxşı imkanlar vardır. Həyata keçirilmiş qarşılıqlı səfərlər əlaqələrimizin inkişafına töhfə verib.
Sloveniya Prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsi ilə maraqlandı.
Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyindən danışdı.
Dekabrın 1-də Astanada həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa İttifaqının prezidenti Herman Van Rompeyin görüşü olub.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, enerji sahəsində əməkdaşlığa dair məsələlər müzakirə olundu.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə edildi.
Dekabrın 1-də Astanada Azərbaycan Prezidenti İlham Əliyevin və Böyük Britaniya Baş nazirinin müavini Nik Kleqin görüşü olub.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə edildi, ölkələrimizin enerji sahəsində əlaqələrinin xüsusi əhəmiyyəti qeyd olundu. Bildirildi ki, bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlər vardır.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıldı.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlərin müzakirə olunduğu görüşdə Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyindən danışdı.
Dekabrın 1-də Astanada Azərbaycan Prezidenti İlham Əliyevin və Avstriya Prezidenti Haynts Fişerin görüşü olub.
Avstriya Prezidenti qeyd etdi ki, ölkəsi Azərbaycan ilə siyasi, iqtisadi, enerji və digər sahələrdə əməkdaşlığın inkişafında çox maraqlıdır.
Bu istiqamətdə müəyyən addımların atılmasının, o cümlədən Azərbaycanda çalışan Avstriya şirkətlərinin fəaliyyətinin genişləndirilməsinin vacibliyi vurğulandı.
Prezident Haynts Fişer bu baxımdan Avstriyanın müvafiq şirkətləri ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında əməkdaşlığın genişlənməsinin əhəmiyyətini qeyd etdi.
Avstriya Prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsi ilə maraqlandı.
Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyindən danışdı.
FOTO - www.azertag.com