...

Rusiyanın təsirinin azaldılması üçün Ermənistanın maksimum səy göstərməsi vacibdir – erməni politoloq

Siyasət Materials 2 Dekabr 2010 14:02 (UTC +04:00)
Ermənistan Türkiyə-Ermənistan münasibətlərinin nizama salınması üçün var gücü ilə səy göstərməlidir. Erməni politoloq Stepan Qriqoryan belə hesab edir.
Rusiyanın təsirinin azaldılması üçün Ermənistanın maksimum səy göstərməsi vacibdir – erməni politoloq

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir E.Tariverdiyeva/

Ermənistan Türkiyə-Ermənistan münasibətlərinin nizama salınması üçün var gücü ilə səy göstərməlidir. Erməni politoloq Stepan Qriqoryan belə hesab edir.

"Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllinə ümid edərək erməni-türk münasibətlərinin yoluna qoyulması üçün böyük səy göstərir. Çünki sərhədlərin açılması Rusiyanın bizə təsirini zəiflədərdi və özümüzün qərar qəbul etməyimizə gətirib çıxarardı. Bizə Qarabağ münaqişəsinin həllini uzatmaq olmaz", - Qriqoryan cümə axşamı Bakıda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi "Azərbaycan və Şərq tərəfdaşlığı: Regional çağırışlar və yeni imkanlar" adlı Cənubi Qafqaz təhlükəsizlik forumunda bildirib.

Ekspert hesab edir ki, Minsk prosesi uzunmüddətli hadisədir. Madrid prinsiplərinin yenilənməsini politoloq ciddi addım hesab edir və onun sözlərinə görə, həmin sənəd hər iki tərəfin maraqlarını əks etdirdiyindən sürətli irəliləyiş üçün şans verir.

"Dünən Astanada prezidentlər bəyannamə imzalayıblar. Sülh təşəbbüsləri hazırlayarkən və paralel olaraq etimad tədbirlərini artırarkən ondan uzaqlaşmaq olmaz. İlk addımlar artıq Həştərxanda atılıb. Mən Azərbaycan hökumətinin mühafizəsi altında olan erməni kilsəsinin vəziyyətinə baxarkən Bakının buna hazırlığını gördüm", - erməni politoloq bildirib.

Dekabrın 1-də Astanada Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Minsk qrupunun həmsədr ölkələrinin rəhbərləri və Azərbaycan və Ermənistan prezidentləri adından münaqişənin tezliklə həllinə çağıran bəyannamə qəbul edilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Türkiyə və Ermənistan hələ 1993-cü ildə pozulan münasibətləri normallaşdırmağa cəhd göstərirlər. Türkiyə Prezidenti Abdullah Gül Ermənistan prezidenti Serj Sarkisyanın Ermənistanla Türkiyə arasında Avropa çempionatının qrup oyunları çərçivəsində ötən il sentyabrın 6-da Yerevanda keçirilən futbol matçına gəlmək barədə təklifini qəbul edib. Bu səfərdən sonra iki ölkə arasında diplomatik münasibətlərin bərpa olunması üzrə səylər davam etdirilir.

Türkiyə ilə Ermənistan arasında sərhədlər 1993-cü ildə Yerevanın "erməni soyqırımı"nın dünyada tanınması iddiaları və Ermənistan SQ-nin Azərbaycan ərazilərini işğal etməsi səbəbindən bağlanıb.

2009-cu il oktyabrın 10-da Türkiyə və Ermənistan XİN rəhbərləri Əhməd Davudoğlu və Edvard Nalbandyan ikitərəfli münasibətlərin normallaşdırılması haqqında protokollar imzalayıblar.

Xəbər lenti

Xəbər lenti