...

Azərbaycanın Meksikadakı səfiri Uruqvayda işgüzar səfərdə olub

Siyasət Materials 7 Dekabr 2010 09:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 dekabr /Trend/

Azərbaycan Respublikasının Meksikadakı Səfiri İlqar Muxtarov Uruqvay Şərq Respublikasında işgüzar səfərdə olmuşdur. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycanın Meksikadakı səfirliyinin mətbuat xidmətindən bildiriblər.

Səfər çərçivəsində Muxtarov Uruqvay Xarici İşlər Nazirliyinin Baş Katibi Nelson Yemil Çaben və Uruqvay Diplomatik Akademiyasının Direktoru Alvaro Moerzinger ilə görüşlər keçirmişdir.

Yemil Çaben ilə görüş zamanı, Muxtarov Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarovun Uruqvay həmkarı Luis Leonardo Almagro Lemesə ünvanladığı məktubu təqdim etmişdir.

Tərəflər iki ölkənin Xarici İşlər Nazirlikləri arasında əməkdaşlıq haqqında imzalanmış  Saziş çərçivəsində 2011-ci ildə ildə Bakıda ilk XİN-lərarası məsləhətləşmələrin keçirilməsi haqda razılıq ifadə etmişlər.

Muxtarov, həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzündən söz açaraq, münaqişənin tarixi və davam edən danışıqlar prosesi barədə xəritə əsasında Uruqvay Xarici İşlər Nazirliyinin Baş Katibinə məlumat vermişdir. 

Yemil Çaben qeyd etmişdir ki, Uruqvay daim beynəlxalq hüququn tələblərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə riayət olunmasına tərəfdar çıxmışdır. Baş Katib buna misal kimi, Kosovonun müstəqilliyinin Uruqvay tərəfindən tanınmadığını qeyd etmişdir. 

Görüş zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə dair, həmçinin beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Muxtarovun Uruqvay Diplomatik Akademiyasının Direktoru Alvaro Moerzinger ilə görüşü zamanı iki ölkənin Diplomatik Akademiyalarının professorları üçün müvafiq təcrübə mübadiləsi, həmçinin gənc diplomatlar üçün qarşlıqlı şəkildə təlim-tədris kursları və təhsil almaq məsələlərində əməkdaşlıq perspektivləri nəzərdən keçirilmişdir. 

Xəbər lenti

Xəbər lenti