İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin dövlət və hökumət başçılarının görüşü dekabrın 23-də İstanbulda keçiriləcək. Bu barədə "Asiya-Plyus" İA yazır.
Təşkilatın rəsmi saytında deyildiyi kimi, yüksək səviyyəli görüşə qədər, dekabrın 20-21-də yüksək vəzifəli şəxslərin iclası keçiriləcək, dekabrın 22-də isə İƏT Nazirlər Şurasının 19-cu görüşü təşkil ediləcək. İclaslarda təşkilata üzv ölkələrin dövlət və hökumət başçılarından savayı, İƏT katibliyinin və bir sıra beynəlxalq təşkilatların nümayəndələri də iştirak edəcəklər. İƏT-in bundan əvvəlki sammiti 2009-cu ilin martında Tehranda keçirilib.
İqtisadi Əməkdaşlıq Təşkilatı İran, Pakistan və Türkiyə tərəfindən 1985-ci ildə yaradılan İnkişaf üçün Regional Əməkdaşlıq Təşkilatının hüquqi varisi olan hökumətlərarası regional təşkilatdır. Təşkilatın tərkibinə Azərbaycan, Əfqanıstan, Tacikistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan da daxildir.