...

Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin təsdiqi müzakirəyə çıxarılacaq

Siyasət Materials 7 Dekabr 2010 16:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Parlamentinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin çərşənbə günü keçirilən iclasında Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin təsdiq edilməsinə dair qanun layihəsi müzakirə edilib. Bu barədə Milli Məclisin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

"Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə"ni Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Abdullah Gül avqustun 16-da İstanbulda imzalayıb.

Parlament komitəsinin iclasında, həmçinin "Türkdilli ölkələrin dövlət başçılarının X Zirvə toplantısının Bəyannaməsinin təsdiq edilməsi haqqında", "Azərbaycan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması haqqında" Birgə Bəyannamənin təsdiq edilməsi barədə qanun layihələri müzakirə olunub.

Komitə sədri Səməd Seyidov iclasda bildirib ki, təsdiq olunması üçün parlamentin müzakirəsinə verilmiş bu sənədlər Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsinə dəlalət edir.

Komitədə həmçinin "Azərbaycan və Rusiya arasında dövlət sərhədi haqqında" Müqavilənin, eləcə də "Azərbaycan və Rusiya hökumətləri arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiqinə dair məsələlərin əhəmiyyəti xüsusi vurğulanıb.

Müzakirə olunan məsələlər qəbul edilərək Milli Məclisin iclasına tövsiyə olunub.

Xəbər lenti

Xəbər lenti