Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir T.Konyayeva/
İran XİN rəhbərinin istefası danışıqlar prosesinin özü ilə deyil, İslam Respublikasının Cenevrədəki son danışıqlaradək xarici siyasətində məruz qaldığı uğursuzluqlarla bağlı ola bilər. Rusiya İctimai-Siyasi Araşdırmalar Mərkəzinin direktoru Vladimir Yevseyev belə hesab edir.
"Müttəkinin istefasını İranın [Cenevrədəki] danışıqlaradək xarici siyasətində mövcud olan uğursuzluqlarla bağlamaq lazımdır. Hesab edirəm ki, İran rəhbərliyi üçün danışıqlarla bağlı problemlər XİN başçısının istefası üçün mühüm səbəb deyil, çünki hazırda mahiyyət etibarilə danışıqlar naminə danışıqlar haqqında söhbətlər gedir", - Yevseyev Moskvadan telefonla Trendə bildirib.
Bazar ertəsi İran Prezidenti Mahmud Əhmədinejadın sərəncamı ilə ölkənin xarici işlər naziri Mənüçöhr Müttəki vəzifəsindən azad edilib. Bu barədə İranın dövlət başçısının rəsmi saytı məlumat verib. Müttəki demək olar, yeddi ildir xarici işlər naziri səlahiyyətlərini icra edir. O, bu vəzifəyə Əhmədinejadın birinci prezidentliyi dövründə təyin edilib.
Dekabrın 7-də Cenevrədə İranın nüvə proqramı ilə bağlı danışıqların növbəti mərhələsi başa çatıb. Danışıqlarda Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Fransa və Almaniyanın xarici işlər nazirlərinin müavinləri, eləcə də Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton iştirak edib. İranı danışıqlarda Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili təmsil edib. Danışıqlar prosesinin yekunları üzrə yanvarın sonunda müzakirələrin İstanbulda davam etdirilməsi qərara alınıb.
Yevseyev ABŞ, Aİ və onların müttəfiqləri tərəfindən birtərəfli sanksiyaların tətbiqinin qarşısının alına bilməməsini və Rusiyanın S-300 kompleksinin beş divizionunun satışının baş tutmamasını Tehranın xarici siyasətindəki son ciddi uğursuzluqlar hesab edir.
"İrana qarşı sanksiyaların tətbiqi İranın xarici siyasət idarəsi üçün ciddi əngəldir, çünki onlar kifayət qədər sərtddir və onların təsiri İran tərəfinin əks iddialarına baxmayaraq, aşkardır", - o, deyib.
İyunun 9-da BMT Təhlükəsizlik Şurası (TŞ) İrana qarşı onun nüvə fəaliyyəti ilə bağlı sanksiyaların dördüncü mərhələsini tətbiq edib. TŞ-nin qətnamələrinə əlavə olaraq, ABŞ İslam Respublikasına münasibətdə birtərəfli sanksiyalar tətbiq edib. İyulda isə bütün Avropa İttifaqı ölkələrinin XİN başçıları Lüksemburqdakı görüşdə əlavə sanksiyaların tətbiqini bəyəniblər.
Rusiya Prezidenti Dmitri Medvedev sentyabrın 22-də İrana "S-300" raket əleyhinə müdafiə sistemi, hərbi təyyarələr, hərbi gəmilər və zirehli texnikaların verilməsinin qadağan edilməsi, İranın nüvə proqramının fəaliyyətində əlaqəsi olan bəzi şəxslərin Rusiyaya gəlməsinin qadağan olunması və sığorta şirkətlərinin İran ilə əməkdaşlığına limit qoyulması haqqında fərman imzalayıb. Bu, dövlət başçısının BMT TŞ-nin 2010-cu il 9 iyun tarixli 1929 saylı qətnaməsinin yerinə yetirilməsi tədbirləri haqqında imzaladığı sərəncamda nəzərdə tutulur. İrana "S-300" ZRK-nin beş divizionunun satışı haqda müqavilə 2007-ci ilin sonlarında imzalanıb. Sövdələşmənin məbləği 800 milyon dollar təşkil edir.
Bundan əlavə, Yevseyevin fikrincə, Çinin BMT TŞ-nin irana qarşı sanksiyalarına qoşulması İran rəhbərliyinin böyük səhvi idi.
Əvvəllər İrana qarşı yeni sərt ölçülərin qəbul edilməsinə qarşı çıxan və problemin diplomatik həllini israr edən Rusiya və Çin qətnamələri dəstəkləməklə Birləşmiş Ştatlar, Böyük Britaniya, Fransa və Almaniyaya qoşulublar. Lakin onlar İrana münasibətdə sanksiya və danışıqların uyğunlaşdırılmasını nəzərdə tutan "ikili yol" strategiyasının aparılmasını təkid ediblər.
Bundan əlavə, rusiyalı ekspert hesab edir ki, nazirin nöqsanlarına İran neftinin Çinə ixracının azalmasını da əlavə etmək olar.
"Qara qızılın" Çinə ixracının azalması ona gətirb çıxartdı ki, İran ilk dəfə olaraq nefti hara satmaqla bağlı problemlə üzləşdi. Çin birincisi, investisiyalar, ikincisi, texnologiyalar üzrə İran üçün alternativsiz mənbədir. Çinlə münasibətlərdə hər hansı pisləşmə İran üçün problemlərə gətirib çıxara bilər", - Yevseyev bildirib.
Bu ilin yanvar-fevral aylarında İrandan Çinə neft ixracı ötən ilin analoji dövrü ilə müqayisədə 40 faiz azalıb. Çinin gömrük strukturlarının məlumatına görə, yanvar-fevralda İrandan neft idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 37 faizdən çox azalıb. Beləliklə, Çinə əsas neft tədarükçüsü olan İran tutduğu üçüncü mövqeni Rusiya ilə dəyişərək dördüncü mövqedə qərarlaşıb.
Yevseyevin sözlərinə görə, İranda tez-tez kadr dəyişdirilməsinin əsas problemi ölkə rəhbərliyinin öz nüvə iddialarını ölkənin real vəziyyəti ilə tutuşdura bilmək qabiliyyətinə malik olmamasıdır.
"İran rəhbərliyinin siyasəti son dərəcə gözlənilməzdi, tez-tez kadr dəyişikliyi müşahidə olunur. Rəhbərliyin işləyib hazırladığı siyasəti necə reallaşdıracağı barədə dəqiq anlayış yoxdur, çünki o, heç də həmişə həyata keçirilmək üçün real bazaya malik olmur", - ekspert bildirib.
Yevseyev güman edir ki, İran rəhbərliyi qarşısına qoyduğu qlobal tapşırıqları yerinə yetirməyi bacarmayaraq, sonda günahkarı axtarmağa başlayır. Ən asanı isə xarici işlər nazirini günahlandırmaqdır, çünki xarici siyasətə görə o, cavab verir.
"Lakin bu, problemi həll etmir, çünki o, rəhbərliyin müəyyən etdiyi və reallığı o qədər də əks etdirməyən siyasət yürüdür. Bu, ölkənin ali rəhbərliyinin İranın öz səhvləri ucbatından düşdüyü həmin vəziyyəti anlaya bilmədiyini nümayiş etdirir", - o, bildirib.
Yevseyev hesab edir ki, ölkənin ali rəhbərliyinin siyasəti real resurslarla və dövlətin imkanları ilə tutuşdurulub ölçülməlidir.