...

Azərbaycanda "qara transplantasiya" ilə əlaqədar başlanmış cinayət işi üzrə saxlanılan yoxdur - Baş Prokurorluq

Siyasət Materials 15 Dekabr 2010 13:03 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-in sorğusuna cavab olaraq bildirib ki, insan orqanlarının qanunsuz transplantasiyası əməliyyatlarının həyata keçirilməsi faktları ilə bağlı başlanmış cinayət işi üzrə saxlanılanların olması barədə KİV-də yayılan məlumatlar həqiqətə uyğun deyil.
Azərbaycanda "qara transplantasiya" ilə əlaqədar başlanmış cinayət işi üzrə saxlanılan yoxdur - Baş Prokurorluq

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda "qara transplantasiya" ilə əlaqədar başlanmış cinayət işi üzrə saxlanılan və ya cinayət məsuliyyətinə cəlb olunan şəxs yoxdur.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-in sorğusuna cavab olaraq bildirib ki, insan orqanlarının qanunsuz transplantasiyası əməliyyatlarının həyata keçirilməsi faktları ilə bağlı başlanmış cinayət işi üzrə saxlanılanların olması barədə KİV-də yayılan məlumatlar həqiqətə uyğun deyil.

Sultanov bildirib ki, insan orqanlarının qanunsuz transplantasiyası əməliyyatlarının həyata keçirilməsi faktları ilə bağlı Azərbaycan Beynəlxalq Universitetinin nəzdində fəaliyyət göstərmiş tibb mərkəzinin vəzifəli şəxsləri barəsində cinayət işinin başlanması, Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupunun yaradılması barədə ictimaiyyətə informasiya verilib.

Sultanovun sözlərinə görə, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində işin bütün hallarının araşdırılması, eyni zamanda cinayətin törədilməsində iştirakı olan şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Ukrayna vətəndaşlarından ibarət bir qrup şəxs qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2009-cu il ərzində müxtəlif ölkələrin vətəndaşlarını respublikamıza gətirməklə, onların üzərində Azərbaycan Beynəlxalq Universitetinin tibb mərkəzində ukraynalı həkimlər tərəfindən böyrəklərinin transplantasiyası ilə bağlı qanunsuz cərrahiyyə əməliyyatlarının keçirilməsini təşkil edib.

Tədbirlər zamanı müəyyən olunub ki, Azərbaycan Beynəlxalq Universitetinin nəzdində fəaliyyət göstərmiş tibb mərkəzinin vəzifəli şəxsləri səlahiyyətlərindən sui-istifadə etməklə tibb müəssisəsinə insan orqan və ya toxumalarının transplantasiyası ilə bağlı cərrahiyyə əməliyyatlarının keçirilməsinə dair xüsusi razılıq (lisenziya) verilmədiyi halda, Ukraynadan Azərbaycana gətirilmiş donorlardan qanunsuz olaraq böyrəklərinin götürülüb əcnəbi vətəndaşlar olan resipiyentlərə köçürülməsi ilə bağlı 10 cərrahiyyə əməliyyatının keçirilməsinə şərait yaradıblar. Onlar müvafiq sənədləşdirmə aparmadan hər bir əməliyyata görə külli miqdarda pul alıblar.

İnsan orqanlarının qanunsuz transplantasiyası əməliyyatlarının həyata keçirilməsi faktları ilə bağlı Respublika Baş Prokurorluğu tərəfindən Azərbaycan Beynəlxalq Universitetinin nəzdində fəaliyyət göstərmiş tibb mərkəzinin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti