...

Qahirənin Ayn Şams Universitetinin rektoru Azərbaycana dəvət edilib (FOTO)

Siyasət Materials 17 Dekabr 2010 11:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir T.Hacıyev/

Misir Ərəb Respublikasının Luksor şəhərində keçirilən "İnsan alverinə qarşı Beynəlxalq Forum"da iştirak edən millət vəkili Qənirə Paşayeva Qahirədə Misirin və ərəb ölkələrinin ən nüfuzlu təhsil ocaqlarından biri olan Ayn Şams Universitetinin rektoru, professor Maqid Eldiblə görüşüb.

Görüş zaman Misirlə Azərbaycanın təhsil əlaqələrindən bəhs edən rektor dövlət xətti ilə azərbaycanlı gənclərin müxtəlif təqaüdlər qazanaraq, Misir universitetlərində, o cümlədən Ayn Şams Universitetində təhsil aldıqlarını, rəhbərlik etdiyi universitetdə Azərbaycan dilinə böyük maraq göstərildiyini bildirib. Eldib universitetlə Azərbaycanın təhsil ocaqları arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini də vurğulayıb və bu istiqamətdə işlərin sürətləndiriləcəyini deyib.

Təhsil ocağının Azərbaycanla əlaqələrini daha da genişləndirmək niyyətini yüksək qiymətləndən millət vəkili Ayn Şams Universitetinin Türk dili və ədəbiyyatı şöbəsində üçüncü və dördüncü kursda oxuyan tələbələrə Azərbaycan dilinin tədrisinə başlanılmasını yüksək qiymətləndirib və rektora təşəkkürünü bildirib. Fənni tədris edən Əhməd Sami Elaydinin bir müddət Azərbaycanda yaşadığını və Azərbaycan dilini azərbaycanlılar qədər bildiyini vurğulayan millət vəkili Azərbaycan dilini öyrənən tələbələrin sayının artmasının iki ölkə arasında dostluq münasibətlərinə öz müsbət təsirini göstərəcəyini vurğulayıb.

Görüş zamanı Paşayevə Ayn Şams Universitetinin rektoru Eldibə Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini bu gün də işğal altında saxlaması, 15 ildən artıqdır ki, 1 milyon azərbaycanlının öz yurd-yuvasına qayıda bilməməsi, Xocalı soyqırımı, Dağlıq Qarabağ münaqişəsi ətrafındakı bugünkü vəziyyət, Ermənistanın münaqişənin tənzimlənməsi istiqamətində beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələri yerinə yetirməməsi və bölgədə gərgin olan vəziyyəti daha da gərginləşdirməsi ilə bağlı ətraflı məlumat verib.

Görüşün sonunda Eldibə Azərbaycanla bağlı xatirə hədiyyəsi və Azərbaycan həqiqətlərini və mədəniyyətini özündə əks etdirən kitablar və sənədli filmlər hədiyyə edilib.

Millət vəkili Qənirə Paşayeva Maqid Eldibi Azərbaycana dəvət edib, rektor isə Azərbaycanı görməyə şad olacağını vurğulayıb.

Millət vəkili Qahirəyə səfəri çərçivəsində, həmçinin Azərbaycanın Misirdəki səfirliyində bu ölkədə təhsil alan bir qrup azərbaycanlı tələbələrlə də görüşüb, onların problemləri ilə maraqlanıb. Millət vəkili azərbaycanlı gənclərin təhsil aldıqları universitetlərdə ölkəmizin həqiqətlərinin yayılması, erməni yalanlarının qarşısının alınması və mədəniyyətimizin təbliği istiqamətində fəaliyyətlərini daha da artırmalarının vacibliyini vurğulayıb və bu istiqamətdə tələbələrlə fikir mübadiləsi aparıb.

Xəbər lenti

Xəbər lenti