Azərbaycan, Bakı, 20 dekabr /Trend/
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Ərəb Dövlətləri Liqasının Avropa Departamentinin müdiri səfir Faris Əbdülkərim Müsəllimin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı bazar ertəsi XİN-in mətbuat xidməti yayıb.
Görüşdə Azərbaycan ilə ərəb ölkələri arasında münasibətlərin yüksək səviyyədə olduğu qeyd olunub. Məmmədyarov Azərbaycanın ərəb ölkələri ilə əməkdaşlığın genişlənməsinə böyük əhəmiyyət verdiyini və bir sıra sahələrdə, xüsusilə də iqtisadi sahədə münasibətlərin sürətlə inkişaf etdiyini təqdirəlayiq hal kimi qiymətləndirib.
Ölkəmizə səfər etməsindən məmnun olduğunu deyən Müsəllim Azərbaycanla ərəb aləmini müştərək tarixi, mədəni və dini köklərin bağladığını bildirib. Qonaq təmsil etdiyi Ərəb Dövlətləri Liqasının baş katibi Əmr Musanın və ümumiyyətlə bu təşkilatın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədə Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini vurğulayıb.
Sonra tərəflər bir sıra regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.