...

Heydər Əliyev Fondunun prezidenti Abşeron rayonunun Saray qəsəbəsində əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilən 7 nömrəli uşaq internat evi ilə tanış olub (FOTO)

Siyasət Materials 24 Dekabr 2010 22:04 (UTC +04:00)
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva dekabrın 24-də Abşeron rayonunun Saray qəsəbəsində əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilən 7 nömrəli uşaq internat evi ilə tanış olub. Məlumatı AzərTAc Dövlət İnformasiya agentliyi yayıb.
Heydər Əliyev Fondunun prezidenti Abşeron rayonunun Saray qəsəbəsində əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilən 7 nömrəli uşaq internat evi ilə tanış olub (FOTO)

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva dekabrın 24-də Abşeron rayonunun Saray qəsəbəsində əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilən 7 nömrəli uşaq internat evi ilə tanış olub. Məlumatı AzərTAc Dövlət İnformasiya agentliyi yayıb.

İnternat evinə gələn Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya uşaqlar gül dəstəsi təqdim etdilər.

Mehriban xanıma məlumat verildi ki, Heydər Əliyev Fondu və Xəzər Beynəlxalq İnvestisiya şirkətinin birgə layihəsi əsasında burada əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. İnternat evi kompleksinə 2 mərtəbəli inzibati bina, 4 mərtəbəli yataq korpusu, idman korpusu, yeməkxana, mətbəx, çamaşırxana və digər tikililər daxildir. Təmirdən sonra internat evi müasir inventar və avadanlıqla təmin olunmuş, uşaqların normal yaşaması üçün hər cür şərait yaradılmışdır.

Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində yenidən qurulan internat evində xüsusi qayğıya ehtiyacı olan uşaqlar yaşayır. İnternat evinin ümumi ərazisi 2 hektardır. Burada 4 yaşdan 18 yaşadək xüsusi qayğıya ehtiyacı olan uşaqlar yaşayırlar. Hazırda burada yaşayan 140 uşaq yaşına, cinsinə və xəstəlik dərəcələrinə görə ayrı-ayrı qruplarda yerləşdirilmişdir. Hər bir qrupun ayrıca yataq və oyun otaqları vardır.
Uşaq internat evi ilə tanış olan Fondun prezidenti əvvəlcə kompleksin təmirdən əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotostendə baxdı.

Əsas korpusun birinci mərtəbəsinin foyesində ulu öndər Heydər Əliyevin uşaqlarla görüşlərini əks etdirən fotostend quraşdırılmışdır. Burada inzibati otaqlarla yanaşı, valideynlərlə uşaqların görüş otaqları vardır. Bildirildi ki, internat evində 95 nəfər işçi çalışır.

Korpusun 2-ci mərtəbəsində Mehriban xanım Əliyeva 30 nəfərlik müşavirə zalına baxdı. İkinci mərtəbədə Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın uşaqlara diqqət və qayğısını əks etdirən fotostendlər vardır. Fondun prezidenti günərzi qayğı mərkəzində oldu. Burada xüsusi qayğıya ehityacı olan uşaqlarla məşğələlər aparılır. Mehriban Əliyeva uşaqlarla səmimi söhbət etdi. Bacarıqlı əllər otağında internat evinin sakinləri rəsm və toxuma işləri ilə məşğul olurlar. Heydər Əliyev Fondunun prezidenti uşaqların əl işlərinə baxdı. Uşaqların hazırladığı Heydər Əliyev Fondunun loqosunu əks etdrən hədiyyə Azərbaycanın birinci xanımına təqdim olundu.

Reabilitasiya otağı ilə tanış olan Mehriban xanım Əliyevaya məlumat verildi ki, dayaq-hərəkət sistemi pozulan uşaqların müəyyən oyunlar vasitəsilə bərpası burada aparılır. Mətbəxdə isə gənclər yemək hazırlamağı öyrənirlər. Mətbəxdə şirniyyat hazırlayan qızlarla görüşən Mehriban xanım Əliyeva onların Vətən və Prezident haqqında söylədikləri şeirləri dinlədi, onlarla xatirə şəkli çəkdirdi.

İnternat evində gənclərin fiziki sağlamlığını möhkəmləndirmək üçün müxtəlif idman avadanlığı ilə təchiz edilmiş trenajor və idman zalları vardır. Hovuzda isə hərəkət qabiliyyəti məhdud uşaqların su prosedurları ilə müalicəsi aparılacaqdır.

Müəssisədə uşaqların əl işlərindən ibarət sərgi zalı da yaradılmışdır. Tədris otağında xüsusi qayğıya ehtiyacı olan uşaqlara yüngülləşdirilmiş proqramla ibtidai təhsil veriləcəkdir. Musiqi zalında gənclər musiqi alətlərində bacarıqlarını sınayacaqlar. İnternat evində fizioterapiya otağı da fəaliyyət göstərir. Bu otaq yüksəktezlikli aparat, inqalyasiya, solyuks, qalvanizator kimi yeni tibb avadanlığı ilə təchiz edilmişdir. Həmin aparatlardan sümük ağrılarında, xroniki xəstəliklərin müalicəsində istifadə olunur.

Mehriban xanım internat evində 80 nəfərlik yeməkxana, müasir avadanlıqla təchiz edilmiş mətbəxdə yaradılmış şəraitə də baxdı.

İnternat evinin həyətində abadlaşdırma və yaşıllaşdırma işləri aparılmış, müxtəlif gül kolları əkilmişdir. Parkda rahat oturacaqlar, fəvvarə və atraksionlar quraşdırılmışdır.
Görülmüş işlərdən razılığını bildirən Mehriban xanım Əliyeva internat evinin kollektivinə uğurlar arzuladı.

Foto - www.azertag.com

Xəbər lenti

Xəbər lenti