...

Azərbaycanın müxalif Müsavat Partiyasının Məclis sədri seçilib

Siyasət Materials 26 Dekabr 2010 18:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Müsavat partiyasının məclis sədri seilib. Trend-in məlumatına görə, Məclis sədrliyinə yeganə namizəd Arzu Səmədbəyli olub. 79 nəfərin iştirak etdiyi gizli səsvermənin nəticəsində Səmədbəyli sədr seçilib.

Noyabrın 29-da Müsavat Partiyasının sabiq Məclis sədri Sülhəddin Əkbər partiya daxilində bəzi qüvvələrin AXCP ilə birləşməsinə etiraz etdiyinə görə tutduğu vəzifədən və partiyadan istefa verib. Əkbərin istefasından sonra Məclis sədri vəzifəsi boş qalmışdı. İyulun 15-də AXCP-nin yaranmasının 21 illiyinə həsr olunmuş tədbirdə Müsavat başqanı İsa Qəmbər Rəsulzadə-Elçibəy yolunda olan siyasi partiyaların birləşməsini təklif edib. Bu təklifə ilk reaksiya
AXCP-dən gəlib. AXCP-nin sentyabrın 25-də keçirilən qurultayı zamanı Müsavat Partiyasına birləşmək haqqında qərar qəbul olunub.

Partiya Məclisinin boş qalan yerlərinə də yeni üzvlər seçilib. Məclis üzvü seçkilərindən öncə Partiyanın Mərkəzi icra aparatının rəhbəri Arif Hacılı səsvermə qaydaları haqqında məlumat verib.

"Məclisin sərbəst üzvlərinin sayı 59-dur. Məclisin sərbəst üzvlərinin boş qalan yeri isə 26-dır. Məclisin sərbəst üzvü seçilmək üçün namizədlər
azı 65 səs qazanmalıdırlar." - Hacılı qeyd edib.

Məclisin boş qalan yerlərinə namizədliyini irəli sürən 35 nəfərdən doqquz nəfəri səsvermənin nəticəsində Məclisə üzv seçilib.

Daha sonra Partiyanın 2011-ci il üçün fəaliyyət planı haqqında sənəd qəbul olunub. 

Müsavat Partiyası 1911-ci ilin oktyabrında Bakıda yaradılıb. 1920-ci ilin aprelində Azərbaycan Sovet qoşunları tərəfindən işğal olunduqdan
sonra Müsavat Partiyasının fəaliyyəti məhdudlaşıb və gizli fəaliyyət göstərməyə başlayıb.

1992-ci ilin noyabrında Müsavat Partiyasının III Bərpa Qurultayı keçirilib. Partiya ideologiyasının əsasında müsavatçılıq, türkçülük,
müasirlik liberallıq ideyaları dayanır. Siyasi sistemdə mövqeyi sağ-mərkəzçidir.

Xəbər lenti

Xəbər lenti