Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir E.Hüseynli/
Azərbaycan Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun 2010-cu ilin yekunlarına dair Trend-ə müsahibəsi
- Fuad müəllim, 2010-cu ili Azərbaycanın hüquq-mühafizə sahəsində islahatların aparılması, insan haqlarının qorunması istiqamətində görülən işləri uğurlu hesab etmək olarmı?
- Yola saldığımız 2010-cu il hüquq sistemində bir sıra mühüm dəyişikliklərlə yadda qalmışdır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları hüquq sisteminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə bir sıra mühüm təşəbbüslərlə çıxış etmişdir. Qanunvericilik və institusional islahatlar davam etdirilmişdir. Praktiki tədbirlərin dairəsi isə genişləndirilmişdir. Ədalət mühakiməsinin inkişafında kifayət qədər mühüm yeniliklər olmuşdur.
Məsələn, hələ 2005-ci ilin oktyabrın 21-də "İnzibati icraat haqqında" Qanun, 2009-cu ilin iyunun 30-da isə İnzibati Prosessual Məcəllə qəbul olunmuşdur. Qanun və məcəllə 2011-ci il yanvarın 1-də qüvvəyə minəcəkdir. Qanun inzibati hüquq sahəsində vətəndaşlar ilə dövlət arasında münasibətləri tənzimləyən çoxsaylı qanunvericilik aktlarını əvəz etməklə inzibati icraat çərçivəsində vətəndaşların hüquqlarının daha dəqiq şəkildə təsbit edilməsinə, inzibati idarəçiliyin sadələşdirilməsinə, eyni zamanda onun səmərəliliyinin artırılmasına xidmət edir.
Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanların fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini müəyyən edir. Qanunla həmçinin inzibati şikayətlər üzrə icraat, inzibati orqanların və vəzifəli şəxslərin məsuliyyətinə dair məsələlər nizama salınır.
İnzibati Prosessual Məcəllə inzibati mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmələrdə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.
Bundan əlavə, 2010-cu ildə Azərbaycan Respublikasının məhkəmə quruluşunda onun səmərəliliyinin artırılmasına yönəlmiş bəzi dəyişikliklər edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkəmizin məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin ümumi sayı artırılaraq 600 nəfərə çatdırılmışdır. Eyni zamanda, 78 nəfər hakimliyə namizəd bütün imtahanlardan və uzunmüddətli təlim kurslarından keçərək hakim vəzifəsinə təyin olunmuşlar.
Eyni zamanda, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsi ləğv edilərək, onun əvəzinə dörd regional ağır cinayətlər məhkəməsi yaradılmışdır. Bundan əlavə, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsi ləğv edilmiş, onun səlahiyyətləri hərbi məhkəmələrə verilmişdir. Ağdam, Qazax, Lənkəran və Sumqayıt hərbi məhkəmələrinin ləğv edilməsi hesabına isə qalan hərbi məhkəmələrin və yeni yaradılmış Cəlilabad hərbi məhkəməsinin say tərkibləri və ərazi yurisdiksiyaları genişləndirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il oktyabr-dekabr aylarında imzaladığı sərəncamlarla ağır cinayətlər məhkəmələrinin və inzibati-iqtisadi məhkəmələrin hakimləri təyin edilmişlər.
Məhkəmə qərarlarının icrasında da bir sıra yeniliklər baş vermişdir. Belə ki, məhkəmə və digər orqanların qərarlarının icrası işini daha da təkmilləşdirmək məqsədi ilə "Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında", "Məhkəmə qərarlarının icrası haqqında" qanunlara, Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər və əlavələr edilmişdir.
2010-cu ildə insan hüquqları sahəsində də islahatlar davam etdirilmişdir. Belə ki, 2010-cu ilin oktyabr ayında Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü ilə "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Konstitusiya Qanununun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilmişdir.
Layihəyə əsasən "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakultativ Protokolunun icrasının təmin edilməsi məqsədilə müvəkkilin milli preventiv mexanizm qismində çıxış etməsinin Konstitusiya qanununda əks etdirilməsi və bu məqsədlə, müvəkkil funksiyalarının gücləndirilməsi, milli preventiv qrupun yaradılması, onun üzvlərinin müəyyən toxunulmazlığa malik olması nəzərdə tutulur. Bununla da, şəxslərin İnsan hüquqlarına dair Avropa Konvensiyasının 3-cü maddəsində təsbit edilmiş hüquqlarının müdafiəsi mexanizminin daha səmərəli işləməsinə imkan yaradılacaqdır.
Prokurorluq orqanlarının fəaliyyətində yeniliklərə gəldikdə qeyd etmək lazımdır ki, Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramına uyğun olaraq prokurorluq orqanlarında mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması məqsədilə tədbirlər görülmüş, Baş Prokurorluğun strukturunda dəyişiklik edilməklə yeni Hüquqi təminat və informasiya idarəsi yaradılmışdır.
Bu tədbirlər yüksək texnoloji informasiya ötürmə avadanlıqlarından istifadə edilməklə prokurorluq orqanlarında idarədaxili və idarələrarası yazışmaların elektron formatda aparılmasına, mərkəzi aparat ilə prokurorluğun ərazi qurumları arasında sənədlərin elektron mübadiləsinin həyata keçirilməsinə, videokonfransların və qurumlar arasında videotelefon əlaqəsinin yaradılmasına, prokurorluq orqanlarının digər dövlət orqanları, kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları ilə, ictimaiyyətlə əlaqələrinin və informasiya mübadiləsinin daha səmərəli təşkil edilməsinə, mübadilə edilən informasiyaların təhlükəsizliyinin təmin olunmasına imkan verəcəkdir.
Prokurorluq orqanlarına qulluğa qəbul sahəsində də islahatlar davam etdirilmişdir. Müsabiqə yolu ilə qulluğa qəbul başlandıqdan sonra prokurorluğun gənc əməkdaşlarının sayı əhəmiyyətli dərəcədə artaraq, 41 %-ə çatmışdır. Bu sahədə yenilik - müsabiqələrdə iştirak etməklə müvəffəqiyyət qazanmış ümumilikdə 98 nəfər gənc hüquqşünasın qanunvericilikdə edilmiş son dəyişikliklərə əsasən Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təlimə cəlb edilməsi və peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə almış şəxslərin prokurorluqda vakant vəzifələrə təyin edilməsi olmuşdur.
Daxili işlər orqanlarının fəaliyyətində də müəyyən yeniliklər baş vermişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin "Polis sahə məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında" Sərəncamına əsasən son iki ildə 61 yeni polis sahə məntəqəsi tikilmiş, "102" xidməti-zəng mərkəzi sisteminin ölkənin bütün ərazisini əhatə etməsi üzrə işlər başa çatdırılmış, "təhlükəsiz şəhər" xidmətinin videonəzarət vasitələrinin tətbiqi ilə əlaqədar quraşdırılan kameraların sayı 1110-a çatdırılmışdır. Nazirlər Kabinetinin 8 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə təsdiqlənmiş "Terrorçuluq barədə bilə-bilə yalan məlumatların yayılması hallarının qarşısının alınmasına dair Kompleks Tədbirlər Planı"na uyğun olaraq, Bakı şəhərində 462 taksafon aparatından 228-də videokameralar quraşdırılmış, 2011-ci ildə isə 234-də quraşdırılması nəzərdə tutulur. "Əhalinin sıx toplaşdığı yerlərdə və obyektlərdə videonəzarət sistemlərinin yaradılması haqqında Nazirlər Kabinetinin 6 iyul 2010-cu il tarixli qərarına əsasən metro stansiyalarında, vaqonlarda, "İntellektual nəqliyyat" layihəsi çərçivəsində isə dayanacaqlarda və nəqliyyat plakatlarında 60 nöqtədə rəqəmsal kameraların quraşdırılması nəzərdə tutulur.
Bakı, Sumqayıt və Abşeronda polis orqanlarını əhatə edən "İnzibati Xətaların Qeydiyyatı Sistemi" istismara verilmişdir. Növbəti mərhələdə Naxçıvan Muxtar Respublikasında və digər rayonlarda bu sistemin işə salınması nəzərdə tutulur.
Vahid Məlumat-Axtarış Sisteminin (Məlumat Portalının) Mərkəzi Serverinə bütün ərazi polis orqanlarının fiber-optik xətt üzərindən birbaşa qoşulması başa çatdırılmış, şəbəkə qurulmuş və sistemin fasiləsiz fəaliyyəti təmin olunmuşdur. Son iki il ərzində polis orqanlarının "Elektron sənəd dövriyyəsi" sisteminə qoşulması prosesi başa çatmışdır. Hazırda sənədlərin ötürülməsi elektron şəkildə həyata keçirilir. Bundan əlavə, Bakı və Gəncə şəhərlərinin, Abşeron rayonunun ərazi polis orqanları TETRA radio-rabitə sisteminə keçmiş, 2011-ci ildə isə bütün rayonların polis idarələrinin bu sistemə keçidi yekunlaşacaqdır.
- Azərbaycanın Cinayət Məcəlləsində bəzi cinayətlərə görə nəzərdə tutulan cəzaların ağır olduğu bildirilir (məsələn, döymə, oğurluq və s. cinayətlər). Bəzi xarici və yerli ekspertlər hesab edir ki, bu qəbil cinayətlərə görə sanksiyalar yüngülləşdirilməli, azadlıqdan məhrumetmə cəzasına alternativ cəzalar tətbiq edilməlidir. Bu istiqamətdə qanunvericiliyin dəyişdirilməsi ilə bağlı iş aparılırmı və yaxın gələcəkdə bu istiqamətdə hansı yeniliklər gözlənilir?
- İnkişaf etmiş ölkələrin mütərəqqi cinayət hüquq institutlarının ölkə qanunvericiliyinə daxil edilməsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müvafiq normalarının cinayət qanununa implementasiyası və bütövlükdə Cinayət Məcəlləsinin təkmilləşdirilməsi daim diqqət mərkəzindədir. Bu məqsədlə Avropa Şurası ilə əldə olunmuş razılığa əsasən Cinayət Məcəlləsi Avropa Şurası tərəfindən təklif olunan cinayət hüququ sahəsində xarici ölkələrin aparıcı mütəxəssisləri tərəfindən hüquqi ekspertizadan keçirilmiş və Məcəllənin təkmilləşdirilməsi ilə bağlı bir sıra təkliflər verilmişdir.
Təkliflərin öyrənilməsi və həmçinin Cinayət Məcəlləsinin təcrübədə tətbiqi zamanı meydana çıxan sualların, çətinliklərin və boşluqların aradan qaldırılması məqsədilə Cinayət Məcəlləsinin təkmilləşdirilməsi üzrə İşçi Qrupunun yaradılması qərara alınmışdır. İşçi qrupuna Ali Məhkəmənin sədri rəhbərlik etmişdir. İşçi Qrupunun tərkibinə hüquq mühafizə orqanlarının əməkdaşları, hakimlər, vəkillər, alimlər və müstəqil ekspertlər daxil edilmişdir.
Ekspertlərin təklifləri nəzərə alınmaqla Cinayət Məcəlləsinə edilmiş konseptual dəyişikliklərə aşağıdakıları misal gətirmək olar:
- hüquqi şəxslərin cinayət məsuliyyətinin müəyyən edilməsi,
- Məcəllədə mövcud olan cəza sisteminin təftiş edilərək effektivliyi çox aşağı olan cəza növlərinin çıxarılması, yeni cəza növlərinin daxil edilməsi,
- əmlak müsadirəsinin cəza növü qismində cəzanın sistemindən çıxarılaraq bu institutun tamamilə yenidən işlənilməsi,
- azadlıqdan məhrum etmə cəzasına alternativ olan cəzaların daha geniş tətbiqinin təmin edilməsi məqsədilə maddələrin sanksiyalarının təftiş edilməsi,
- şərti məhkum etmə institutunun təkmilləşdirilməsi,
- ehtiyatsızlıqdan törədilən cinayətlərin tövsifi ilə əlaqədar təcrübədə yaranan bir sıra məsələlərin qanunda daha dəqiq tənzimlənməsi.
Azərbaycan Respublikası Prezidentinin iqtisadiyyatın inkişafına dair müəyyən etdiyi prioritet istiqamətlərə müvafiq olaraq son illər informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı müşahidə olunur. Bu sahənin inkişafı onun hüquqi müstəvidə etibarlı mühafizə edilməsini tələb edir, bu məqsədlə Azərbaycan Respublikası "Kibercinayətkarlıq haqqında" Konvensiyaya qoşulmuş, Cinayət Məcəlləsinin həmin Konvensiyanın müvafiq normalarına uyğunlaşdırılması məqsədilə Məcəllənin bütöv bir fəsli yenidən işlənmiş və yuxarıda qeyd olunan qanun layihəsinə daxil edilmişdir.
Cinayət Məcəlləsinə 300-dən artıq əlavə və dəyişikliyin edilməsini nəzərdə tutan Qanun layihəsi üzərində iş artıq yekunlaşmaq üzrədir. Qanun layihəsi tam hazır olduqdan sonra Milli Məclisinin müzakirəsinə təqdim ediləcəkdir.
- Azərbaycanda məhkəmələr tərəfindən həbs-qətimkan tədbirinin tətbiqi ilə bağlı problemlər mövcuddur. Bu barədə Ali Məhkəmənin Plenumunun xüsusi bir qərarı da oldu. Bununla bağlı hansı zəruri tədbirlər görülməlidir?
- Həqiqətən, Ali Məhkəmə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanılma müddətinin uzadılması və həbsin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı bir çox birinci instansiya məhkəmələrinin təcrübəsini öyrənmişdir. Məhkəmə təcrübəsinin təhlili nəticəsində müəyyən edilmişdir ki, məhkəmələr tərəfindən bu sahədə qanunvericiliyin tələblərinə əsasən əməl olunur. Eyni zamanda, aparılmış təhlil göstərmişdir ki, bəzi hallarda qanunvericiliyin tələblərinin pozulmasına yol verilmişdir.
Həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlanılma müddətinin uzadılması məsələsinə baxılması zamanı təqsirləndirilən şəxslərin hüquqlarının daha səmərəli şəkildə təmin edilməsi məqsədi ilə Ali Məhkəmənin Plenumu müvafiq qərar qəbul etmişdir. Həmin qərarda məhkəmələr tərəfindən prosessual məcburiyyət tədbirlərinin tətbiqi zamanı Konstitusiyanın, Avropa İnsan Hüquqları Konvensiyasının 5 və 6-cı maddələrinin, cinayət-prosessual qanunvericiliyin tələblərinə ciddi əməl edilməsinin, Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinin nəzərə alınmasının zəruriliyi xüsusi vurğulanmışdır.
Onu da qeyd etməliyəm ki, prosessual məcburiyyət tədbirlərinin tətbiqi zamanı pozuntulara yol vermiş hakimlər intizam məsuliyyətinə cəlb olunmuşlar. Belə ki, intizam məsuliyyətinə cəlb olunmuş 14 hakimdən 3-nün səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş, 2 nəfərin iş yeri dəyişdirilmiş, qalan hakimlərə töhmət və irad formasında intizam tədbirləri tətbiq edilmişdir.
- 2010-cu ildə miqrasiya proseslərinin tənzimlənməsi və ölkənin təhlükəsizliyinin təmin olunması istiqamətində bir sıra qərarlar oldu. Bu sahədə gələn il hansı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur?
- Məlum olduğu kimi, miqrasiya proseslərinin tənzimlənməsi sahəsində görüləcək işlər və həyata keçiriləcək tədbirlər Dövlət Miqrasiya Proqramında nəzərdə tutulmuşdur. Bu sənədlə eyni zamanda miqrasiya sahəsində dövlət siyasətinin istiqamətləri və miqrasiya idarəetmə konsepsiyası müəyyən edilmişdir. Ötən dövr ərzində Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərin əksəriyyəti mərhələli şəkildə öz həllini tapmışdır.
2010-cu ildə də miqrasiya idarəetmə sisteminin təkmilləşdirilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində işlər davam etdirilmişdir.
Azərbaycan Respublikasında yaşayan və müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması, miqrasiya proseslərinin idarə olunmasında iştirak edən dövlət orqanlarının zəruri informasiya ilə təmin edilməsi, miqrasiya ilə bağlı sənədləşmə, yoxlama, sorğu və təhlil işlərinin avtomatlaşdırılması və bu sahədə göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi məqsədi ilə Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi yaradılmışdır.
Eyni zamanda qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində də mühüm işlər görülmüşdür. 2010-cu ilin 11 ayı ərzində miqrasiya qanunvericiliyinin pozulmasına görə 11104 nəfər əcnəbi inzibati məsuliyyətə cəlb edilmişdir. Onlardan 8479 nəfəri deportasiya olunmuş, digərləri isə cərimə edilmiş və onların ölkədə qalması leqallaşdırılmışdır.
Növbəti ildə görüləcək işlər sırasında Miqrasiya Məcəlləsinin layihəsinin hazırlanması və qəbul edilməsi, biometrik eyniləşdirmə sistemi ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi, biometrik identifikasiya sisteminin tətbiqi üçün şəraitin yaradılması, biometrik pasportların hazırlanması və istehsalı ilə bağlı işlərin yekunlaşdırılması, mövcud informasiya sistemlərinin inkişaf etdirilməsi, vizalarla bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi kimi məsələləri qeyd etmək olar. Xarici ölkələrin miqrasiya sahəsində fəaliyyət göstərən müvafiq qurumları və beynəlxalq təşkilatlarla miqrasiya proseslərinin tənzimlənməsi üzrə qarşılıqlı əlaqələrin gücləndirilməsi istiqamətində iş davam etdiriləcək.
- 2011-ci ildə hüquq-mühafizə sahəsində nə kimi dəyişikliklər olacaq?
Hüquqi islahatlar ardıcıl bir prosesdir. Bu həm qanunvericilik, həm də qanunvericiliyin praktiki tətbiqi sahəsində daimi təkmilləşdirmə işlərində öz əksini tapır. Görülmüş bütün bu işlər Azərbaycan Respublikası Prezidentinin hüquq sisteminin müasirləşdirilməsi konsepsiyası çərçivəsində həyata keçirilmişdir. 2011-ci ildə də hüquqi islahatların dərinləşdirilməsi istiqamətində fəaliyyət davam etdiriləcəkdir.