...

AXCP Müsavat Partiyasından rəsmi mövqe tələb edir

Siyasət Materials 11 Yanvar 2011 12:25 (UTC +04:00)
"Müsavat Partiyası birləşmək barədə müsbət və ya mənfi qərarı rəsmi şəkildə təqdim etməlidir. Əgər doğrudan da Müsavat birləşməmək haqqında qərar veribsə, bunu rəsmiləşdirmək lazımdır", - çərşənbə axşamı Trend-ə AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirib.
AXCP Müsavat Partiyasından rəsmi mövqe tələb edir

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Müsavat Partiyasından birləşməmək barədə rəsmi mövqe tələb edir.

"Müsavat Partiyası birləşmək barədə müsbət və ya mənfi qərarı rəsmi şəkildə təqdim etməlidir. Əgər doğrudan da Müsavat birləşməmək haqqında qərar veribsə, bunu rəsmiləşdirmək lazımdır", - çərşənbə axşamı Trend-ə AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirib.

İyulun 15-də AXCP-nin yaranmasının 21 illiyinə həsr olunmuş tədbirdə Müsavat başqanı İsa Qəmbər Rəsulzadə-Elçibəy yolunda olan siyasi partiyalarının birləşməsini təklif edib. Bu təklifə ilk reaksiya AXCP-dən gəlib. AXCP-nin sentyabrın 25-də keçirilən qurultayı zamanı Müsavat partiyasına birləşmək haqqında qərar qəbul olunub.

Məmmədli hesab edir ki, Arif Hacılının verdiyi məlumat həqiqəti əks etdirmir.

"Bu ziddiyyətli məlumatdır, çünki Məclisdən dərhal sonra bizə məlumat verilmişdi ki, birləşmə məsələsinin həlli qurultaya saxlanılır. Nizamnaməyə görə, bu, qurultayın səlahiyyətinə aid olan məsələdir. Biz onlara, onların nizamnaməsinə uyğun olaraq, rəsmi şəkildə partiyanın qurultayının qərarını təqdim etmişik. Onlardan da rəsmi məlumat gözləyirik", - Məmmədli qeyd edib.

Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı yanvarın 10-da Trend-ə açıqlamasında bildirib ki, Müsavat Partiyası Məclisinin son sessiyasında AXCP ilə birləşməmək haqqında qərar qəbul olunub. Müsavat Partiyasının Məclisi AXCP ilə müttəfiqlik münasibətlərinin qorunub saxlanılması və daha da dərinləşdirilməsi ilə əlaqədar qərar qəbul edib. Müsavat Partiyasının Məclisi partiyanın ali orqanıdır və burada qəbul olunmuş qərar onun mövqeyidir.

Xəbər lenti

Xəbər lenti