Şəkillər əlavə olunub
Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir T.Hacıyev/
Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov öz etimadnaməsini Kurinale Sarayında İtaliya Respublikasının Prezidenti Ciorcio Napolitanoya təqdim edib, Trend-in məlumatına görə, bu barədə çərşənbə günü XİN-in mətbuat xidməti məlumat yayıb.
Prezident Napolitano ilə keçirilmiş söhbət zamanı səfir Sadıqov Azərbaycan Prezidenti cənab İlham Əliyevin səmimi salamlarını və Azərbaycana səfər etməyə dəvətini İtaliya Prezidentinə çatdırıb.
Daha sonra Sadıqov həmsöhbətinə ölkəmiz haqqında, onun xarici siyasəti, iqtisadi nailiyyətləri, regionda rolu, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş məlumat verib. Sadıqov ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini, İtaliyanın ölkəmizin əsas iqtisadi tərəfdaşlarından olduğunu vurğulayaraq, bundan sonra da mövcud əməkdaşlığın bütün sahələrdə genişləndirilməsinin önəmli olduğunu bildirib.
Prezident Napolitano ətraflı məlumata görə təşəkkürünü bildirib, öz növbəsində İtaliyanın Azərbaycanla əməkdaşlığına böyük önəm verdiyini qeyd edib.