...

Fransa Senatında Azərbaycanın xarici siyasətinə həsr olunmuş konfrans keçirilib (FOTO)

Siyasət Materials 4 Mart 2011 12:02 (UTC +04:00)
Azərbaycanın Fransadakı səfirliyinin təşəbbüsü ilə martın 2-də Senat rəhbərliyinin və Fransa-Avropa-Asiya İnstitutunun qarşılıqlı fəaliyyəti ilə "Azərbaycanın xarici siyasəti: perspektivlər və çağırışlar" adlı konfrans keçirilib.
Fransa Senatında Azərbaycanın xarici siyasətinə həsr olunmuş konfrans keçirilib (FOTO)

Azərbaycan, Bakı, 4 mart /Trend/

Azərbaycanın Fransadakı səfirliyinin təşəbbüsü ilə martın 2-də Senat rəhbərliyinin və Fransa-Avropa-Asiya İnstitutunun qarşılıqlı fəaliyyəti ilə "Azərbaycanın xarici siyasəti: perspektivlər və çağırışlar" adlı konfrans keçirilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycanın Fransadakı səfirliyindən bildirilib.

Konfransın moderatoru göstərilən institutun inzibati şurasının prezidenti Reno Abor de Şatiyon müasir Avrasiya regionunda nisbətən daha dinamik inkişaf etməkdə olan dövlət kimi Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı və siyasətinin bütün əsas qollarını işıqlandıran məruzə ilə çıxış edib.

Daha sonra söz Senatın Fransa-Qafqaz dostluq komitəsinin prezidenti, senator Ambruaz Dyupona verilib. O, çıxışında parlamentlərarası ikitərəfli əlaqələrin intensivləşdirilməsi problematikasına toxunub və bu kontekstdə Fransa-Azərbaycan əlaqələrinin əsasını qoyan ümumilli lider Heydər Əliyevin son dərəcə qiymətli xidmətlərini qeyd edib. O, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin və ümumilli liderin adını daşıyan xeyriyyə fonduna uğurla başçılıq edən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu kursun davam etdirilməsində xüsusi rolunu qeyd edib.

Toplaşanlar qarşısında çıxış edən Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov iştirakçıları müasir Azərbaycanın ictimai-siyasi, mədəni və iqtisadi həyatının aktual məsələləri ilə tanış edib, dövlətin xarici siyasətinin prioritet və çağırışları üzərində xüsusilə dayanıb. Azərbaycanın suverenliyi və ərazi bütöblüyü prinsiplərinə riayət olunması kontekstində beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının, digər beynəlxalq təşkilatların müvafiq qətnamələrinə uyğun, eləcə də MQ-nin həmsədr dövlətləri başçılarının Akvil və Muskokadakı "böyük səkkizlik" sammitlərinin bəyannamələrində əks olunmuş mövqeləri nəzərə alınmaqla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivləri üzrə Azərbaycanın mövqeyi təfərrüatları ilə autoriyanın diqqətinə çatdırılıb.

Aİ ilə əməkdaşlığın hazırkı vəziyyətinə toxunan məruzəçi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatına mühüm töhfəsi baxımından enerji layihələrinin reallaşdırılması perspektivlərini xüsusi qeyd edib. Azərbaycanın qonşu dövlətlərlə münasibətləri ilə bərabər Azərbaycan-Fransa ikitərəfli əlaqələrinin hazırkı vəziyyəti və perpektivləri ayrı-ayrılıqda işıqlandırılıb. Azərbaycanın sabit və dinamik inkişaf edən iqtisadiyyatına toxunan səfir ölkə rəhbərliyi tərəfindən iqtisadiyyatın şaxələndirilməsi, regionların inkişafı və milli iqtisadiyyatda qeyri-enerji sektoruna daxili və xarici investisiyaların cəlb edilməsi, məhz aqrar, tikinti, sənaye, informasiya, nəhayət 2011-ci ilin ölkədə "Turizm ili" elan olunması faktını nəzərə almaqla turizm sahəsində böyük imkanlar açan kursun mühümlüyünü qeyd edib.

Çıxışda əsas diqqət Ermənistanın Azərbaycana münasibətdə təcavüzkar işğalçı siyasətinin Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayonunun işğalı ilə müşayiət olunan nəticələri, eləcə də erməni işğalçıların həm Azərbaycanın işğal olunmuş ərazilərində, həm də onun bolşeviklər tərəfindən Ermənistana verilmiş tarixi ərazilərində apardığı qeyri-bəşəri etnik təmizləmənin işıqlandırılmasına ayrılıb. Xocalı faciəsi, Ermənistanın işğal olunmuş ərazilərdə məskunlaşmış ermənilərin köməyi ilə müstəmləkələşdirməni davam etdirməsi, həm Ermənistanda, həm də Azərbaycanın işğal edilmiş ərazilərində ölkəmizin nadir mədəni irsinin vəhşicəsinə məhv edilməsi siyasəti xüsusi vurğulanıb. İştirakçılara erməni hərbçiləri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində insanlığa qarşı törədilən yuxarıda göstərilən cinayətlərə dair Heydər Əliyev Fondunun nəşr etdirdiyi materiallar paylanılıb.

Daha sonra səfir iştirakçıların, eləcə də konfransda fəal iştirak edən fransalı politoloq və erməni mənşəli tələbələrin çoxsaylı suallarına ətraflı cavab verib. Senatorlardan, Fransa Senatı Aparatının əməkdaşlarından, Parisdə akkreditə olunmuş diplomatik korpusun, yerli KİV, "beyin mərkəzləri" və Fransa ictimaiyyətinin digər təbəqələrinin nümayəndələrindən ibarət auditorya tədbiri səmimi maraqla izləyib və çıxışlardan sonrakı müzakirələrdə fəal iştirak edib.

Sonda Fransa-Avropa-Asiya İnstitutunun inzibati şurasının prezidenti konfransın keçirilməsi təşəbbüsünə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib və Fransa ictimaiyyətinin Azərbaycan haqqında və Fransa ilə dost olan bu ölkədə baş verən proseslər barədə məlumatlandırılmasının genişləndirilməsi üçün bu cür tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti